Bank Of Baku

Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqə elan olunub

Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqə elan olunub
# 24 iyun 2009 14:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə 2009-cu ilin Uşaq ili elan edilməsi və Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqə elan edib. İttifaqın mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, müsabiqə Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin repertuarının yeniləşməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə keçirilir. Yaşı 18-dən yuxarı olmayan ifaçılar arasında keçiriləcək müsabiqə 3 mərhələdən ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyənlər oktyabr ayınadək təşkilat komitəsinə müraciət etməlidirlər. Müsabiqənin münsiflər heyəti Bəstəkar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək. Müsabiqədə I yerin sahibi 700 manat və I dərəcəli diplom, II yerin sahibi 600 manat və II dərəcəli diplom, III yerin sahibi 500 manat və III dərəcəli diplomla təltif olunacaq. Bununla yanaşı, müsabiqə iştirakçıları üçün iki həvəsləndirici mükafat (hər biri 400 manat) nəzərdə tutulub. Qeyd edək ki, müsabiqənin nəticələri üzrə xüsusi disk buraxılacaq. Diskə müsabiqə qaliblərinin, habelə II mərhələdə fərqlənən iştirakçıların ifasında Azər Dadaşovun fortepiano pyesləri yazılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR