Bank Of Baku

Ramiz Əzizbəyli: “Əlli gündür yataq xəstəsiyəm”

Ramiz Əzizbəyli: “Əlli gündür yataq xəstəsiyəm”
# 01 oktyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Düz 50 gündür ki, yataqda arxası üstə yatıram. Yataqdan qalxa bilmirəm, mənim üçün çox çətindir. Səhhətimdəki problemlə mübarizə aparıram”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli deyib. O aprel ayında bağırsağındakı problemlə əlaqədar cərrahiyyə əməliyyatı olunduğunu bildirib: “Ondan sonra ya özümü soyuğa verdim, ya hansı səbəbdənsə onurğamda möhkəm ağrılar başladı. Sonra isə onurğamda irinləmə prosesi getdiyi aşkarlandı. Sözün qısası, spantilitin xəstəliyinə tutulmuşam. Gəzə və otura bilmirəm, belim tutulub. Evə şəraitində daimi olaraq həkim nəzarətindəyəm”. Aktyor bildirib ki, son iki ayda ağrıları daha da artıb: “Hər gün həkim gəlir, sistem qoşur, lazımi iynələr vurur. Səhhətimdəki problemin nə zaman tam aradan qalxacağını bilmirəm. Həkimlər bildirirlər ki, müalicə müddəti bir il də, bir ay da çəkə bilər. Xəstəliyimlə əlaqədar Türkiyədən də həkim gələcək”. Aktyorun sözlərinə görə, səhhətindəki problemlər aradan qalxan kimi o işə başlayacaq: “Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. İşə çıxacağam, yaxınlarıma baş çəkəcəyəm, televiziya, radio, qəzetlərə, hara çağırsalar, gedəcəyəm. Altı ayda çox darıxmışam. Mən həmişə cəmiyyət içində olan adamam, havada olan adamam, amma indi arxası üstə qalmışam. Üç gün soyuqdəymədən, adicə qripdən yatanda belə özümü narahat hiss edirdim, indi görün bu müddətdə nələr çəkmişəm. Bilirəm ki, mənə hərəkət eləmək olmaz, sümüklə zarafat etmək olmaz. Arxayınam ki, həkim özü lazım biləndə məni qaldıracaq. Bu dəqiqə desə ki, dura bilərsən, o dəqiqə havaya çıxaram”.

Altı ay müddətində Mədəniyyət və Turizm Nazirliyindən ona zəng olunmadığını vurğulayan xalq artisti, nəhayət dünən ona sözügedən nazirlikdən telefon zəngi olunduğunu deyib: “Mədəniyyət və Turizm Nazirliyindən uzun zamandır ki, səs-səmir çıxmırdı. Kütləvi informasiya vasitələri məsələyə qarışandan sonra xəbər tutublar və dünən zəng etmişdilər. Bildirdilər ki, səhər sənin yanına gələcəyik, hələ gələn yoxdur. Bir telefon zəngi belə müəyyən mənada mənəvi dəstəkdir. Bir balaca güc gəldi mənə ki, nəhayət yadlarına düşdüm. Onların zəng etməyi məni heç də o mənada sevindirmir, onlardan xahiş etməmişəm, yalvarmamışam, çağırmamışam. Hər bir bəndənin zəngi məni bəndə kimi sevindirir”. R. Əzizbəyli açıqlamasında gənclərə məsləhət verib: “Mənim əməyimin qiymətini tamaşaçılarım verir. Mən gördüyüm işdə heç nəyə satılmadan ləyaqətimi əldən vermədən çalışmışam. Bununla fəxr edirəm. Hər bir insana üzümü tutub deyirəm ki, sağlamlığınızın qeydinə qalın. Hər bir insanın ən böyük var-dövləti onun sağlam canıdır. İş meydançasında insan özünü rahat hiss edir. Yaratmamaq, rol oynamamaq Ramiz Əzizbəyli üçün ölüm deməkdir. Mən balıq kimiyəm, məni dəryaya atmaq lazımdır. Mən sənətkaram, film çəkməməyim, rol yaratmamağım ləpədöyəndə çapalayan balıq kimi bir şeydir”. Yataqda belə yaradıcılıq haqqında düşünən R. Əzizbəyli artıq iki ssenarisinin hazır olduğunu vurğulayıb: “Əlimdə bir-iki material var, imkan olsa, mən bu ssenarilər üzrə film çəkərəm. Ssenarilər haqqında ətraflı məlumat verə bilmərəm, çünki istehsalata buraxılmayan bir şey haqqında danışmaq istəmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR