Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Teatrı Təhsil Nazirliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Akademik Milli Teatrı Təhsil Nazirliyi ilə əməkdaşlıq edəcək
# 09 oktyabr 2009 16:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Teatrı Təhsil Nazirliyi ilə əməkdaşlıq edəcək. Bunu APA-ya açıqlamasında Akademik Milli Teatrın direktoru Maqbet Bünyatov deyib. O bildirib ki, əməkdaşlıq çərçivəsində yeni tamaşa səhnələşdiriləcək və həmin tamaşanın izləyiciləri şagirdlər olacaq: “Bilirsiniz ki, həm ictimaiyyətdə, həm də mətbuat səhifələrində məktəblərlə bağlı neqativ fikirlər var. Mən özüm müəllim ailəsindənəm, indi isə elə şeylər eşirəm ki, pis oluram. Axı əslində belə deyil. Bayram hədiyyələrini gözləyən, rüşvət alan müəllimlərlə yanaşı, bizim çox təmiz, vicdanlı, öz işinin öhdəsindən gələn müəllim və müəllimlərimiz var. Əli Əmirli Bəhram Osmanovla birgə bir əsər üzərində işləyirdilər və artıq bu əsəri bitiriblər. Artıq bu layihə ilə bağlı Təhsil Nazirliyində də oldum, nazir müavini Elmar Qasımovla görüşdüm və layihə ilə bağlı danışdıq. Əsərin adı “Mən səni sevirəm”dir. Adı bir az qəribə səslənsə də, əsər tam tərbiyəvi xarakter daşıyır. Tamaşanın həm teatrda, həm də məktəblərdə nümayişi təşkil olunacaq. Mən 70-80-cı illərdə şagirdlərin dramaturqlarla, aktyorlarla görüşlərini təşkil etmişəm və bu təşəbbüsü yenidən bərpa etmək istəyirəm. Əminəm ki, bu layihəmiz çox tərbiyəvi əhəmiyyət daşıyacaq”.

Teatr rəhbəri onu da bildirib ki, teatr kollektivi yeni binaya köçməyə hər gün hazırlaşır: “Teatrın repertuarında olan 20-yə yaxın tamaşanı gündəlik olaraq məşq edirik, yeniləşdiririk. Repertuarımızda yeniliklər etməliyik, teatr sahəsində böyük islahatlar aparmalıyıq. Fikrimiz var ki, Azərbaycanın klassik yazıçılarına, xarici dramaturqların yaradıcılığına müraciət edək. Hazırda yaradıcı kollektivimizin iştirakı ilə Əsgər Əsgərovun quruluşunda yeni tamaşa hazırlanır. İlin sonuna qədər Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” tamaşası, Jan Koktonun “Antiqona” əsərini repertuara salmışıq. Bu əsərləri teatrımızın baş rejissoru Mərahim Fərəzlibəyov səhnələşdirəcək”.

M. Bünyatov onu da xüsusi vurğulayıb ki, Akademik Milli Teatra xarici ölkələrin tanınmış rejissorları dəvət olunacaq. Eyni zamanda Uilyam Şekspir, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, İlyas Əfəndiyevin yaradıcılığına müraciət ediləcək. Əslində bütün bu əsərlərin səhnələşdirilməsi üçün rejissorların özlərindən təşəbbüs gəlməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR