Bank Of Baku

Azərbaycanlı cazmen İsfar Sarabski Bakı Caz Festivalı çərçivəsində konsert verib

Azərbaycanlı cazmen İsfar Sarabski Bakı Caz Festivalı çərçivəsində konsert verib
# 23 oktyabr 2009 09:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində bu il Beynəlxalq Montrö Caz Festivalında birincilik qazanan azərbaycanlı gənc ifaçı İsfar Sarabskinin solo konserti keçirilib. APA-nın məlumatına görə, Bakı Caz Mərkəzində keçirilən konsertdə İsfarla birgə Aleksandr Zinger (zərb) və Ruslan Hüseynov (bass) çıxış edib. Eyni zamanda konsertdə İsfar Sarabski əməkdar artist Natiq Şirinov, DJ Mansurla hazırladığı improvizələri də tamaşaçılar qarşısında çıxış edib.

Qeyd edək ki, konsertə girişdə bir sıra problemlər yaranıb. Əvvəlcədən sifariş edilən yerlər tutulub, bu isə konsertə gələn yerli və xarici tamaşaçıların ayaq üstə qalmasına səbəb olub.

Konsertdən sonra APA-ya açıqlama verən İsfar Sarabski, Montrö festivalından ilk dəfə olaraq Azərbaycanda konsert verdiyini deyib: “Tamaşaçıların ifamı bu qədər alqışlamaları və səmimi qəbul etmələri məni çox sevindirdi. Bu proqramla Belçika, Böyük Britaniya, İsveçrədə də konsertlərlə çıxış edəcəyəm. Bakıda Beynəlxalq Caz Festivalının keçirilməsi isə çox gözəl bir haldır. Çox sevinirəm ki, bu festival çərçivəsində mənim də konsertim keçirildi. Öz doğma şəhərimdə çıxış etmək böyük şərəfdir. Bu festival çərçivəsində maraqlı konsertlər hazırlanıb və festivalın işində uğurlar arzulayıram”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Caz Festivalı oktyabrın 27-dək davam edəcək. Festivala ABŞ-dan “Richard Bona” və “Branford Marsalis” qrupları, dZihan&Kamien dueti (Avstriya), Jazzinho (Portuqaliya) və Hard Jazz Knights (İsrail) qrupları, həmçinin Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan Vasumathi Badrinathan (Hindistan) və Amir Elsaffar (ABŞ) dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR