Bank Of Baku

Azərbaycan aşıq sənətinə həsr olunan kitabça və kompakt disklərin təqdimat mərasimi keçirilib

Azərbaycan aşıq sənətinə həsr olunan kitabça və kompakt disklərin təqdimat mərasimi keçirilib
# 03 dekabr 2009 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində Azərbaycan aşıq sənətinə həsr olunan kitabça və kompakt diskərin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənəti və Novruz bayramının bu il UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı UNESKO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edildiyini xatırladıb: “Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təbliğat tədbirləri isə artıq xeyli müddətdir ki, davam etdirilir. Belə ki, bu il martın 29-da Fransanın “Maison des Cultures du Monde” Assosiyası və Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində Parisin məşhur Luvr Muzeyində Azərbaycan aşıqlarının konserti keçirilib. Bu Assosiasiya ilə birgə aşıq sənətinə həsr olunmuş CD disk buraxılıb”.

Nazir deyib ki, ölkə daxilində Aşıqlar Birliyinin fəaliyyəti canlandırılıb, çoxsaylı dəyirmi masalar, konsertlər keçirilib: “Xalqımızın əziz bayramı olan Novruz bayramı isə Azərbaycanla yanaşı bir çox ölkələrdə də qeyd olunur və bu səbəbdən UNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına Azərbaycan, Hindistan, İran İslam Respublikası, Qırğızıstan, Özbəkistan, Pakistan və Türkiyənin beynəlmiləl bayramı kimi daxil edilib. Eyni zamanda, Novruz bayramının dünyada daha da çox tanıdılması üçün və Beynəlxalq Novruz Gününün qeyd edilməsi üçün Xarici İşlər Nazirliyinin tərəfindən çoxsaylı tədbirlər görülür”.

Ə. Qarayev qeyd edib ki, bu gün təqdimatı keçirilən disk kitab halında hazırlanıb və Aşıq sənəti ilə bağlı bütün məlumatlar burada toplanılıb. UNESKO-nun eksperti Sənubər Bağırova bildirib ki, aşıq sənəti artıq bütün dünyaya səs salıb və bu çox gözəl bir haldır. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrindən Azərbaycan aşıqlarının konsertinin keçirilməsi müraciətləri daxil olur. S. Bağırova onu da bildirib ki, bu gün təqdimatı keçirilən disk Böyük Britaniya, Fransa, Avstraliyaya göndəriləcək.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub isə aşıq sənətinə göstərilən qayğıdan razılığını bildirib: “Bu gün bütün sahələrdə olduğu kimi Azərbaycan rəhbərliyinin mədəniyyət sahəsində də apardığı çox uğurlu siyasəti hər gün öz bəhrəsini verir. Artıq Azərbaycan mədəniyyət sahəsi milli çərçivələrdən çıxıb, bəşəri mahiyyət kəsb edir. Ozan sənəti bütün dünya miqyasında geniş yayılması üçün bu cür tədbirlərin keçirilməsi bizə hav, su kimi lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR