Bank Of Baku

Teatr Muzeyinin 75 illik yubileyi qeyd olunacaq

Teatr Muzeyinin 75 illik yubileyi qeyd olunacaq
# 15 dekabr 2009 22:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Teatr Muzeyinin 75 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək. Yubiley tədbirinin Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilməsi planlaşdırılır.

APA-nın məlumatına görə, dekabrın 16-da keçiriləcək tədbir rəsmi və bədii hissədən ibarət olacaq. Yığıncaqda Teatr Muzeyinin yaranma tarixinə və fəaliyyətinə həsr olunmuş saytın ilk variantının və kitabın təqdimatı keçiriləcək, teatrların təbrikləri və musiqi nömrələri səslənəcək.

Qeyd edək ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə olan bu muzeyin yaradılmasında Bakı Teatr Texnikumunun direktor müavini, Bakı Türk İşçi Teatrının əməkdaşı, teatr xadimi Ağakərim Şərifovun böyük xidmətləri olub. O, 1920-ci ildən başlayaraq teatr tarixinə dair materialları toplamağa başlayıb, 1926-cı ildə Teatr Texnikumunun məzunları ilə Moskvada olarkən oradakı Teatr Muzeyinin direktoru A.A.Baxruşinlə görüşüb, ondan bu sahədə bir sıra məsləhətlər alıb. Bakıda Teatr Muzeyi yaratmaqla bağlı göstərdiyi təşəbbüsdə Azərbaycanın görkəmli ziyalıları və teatr korifeyləri ona böyük dəstək olublar. Muzeyin əsas fondunda 135 mindən artıq eksponat toplanmış muzeydə görkəmli sənətkarlarımızın 700-ə yaxın şəxsi arxivi, Azərbaycan peşəkar teatrının yarandığı tarixdən bu günə qədər müxtəlif janrlarda ilk teatr tamaşalarının proqram və afişaları, əlyazmalar, memorial əşyalar, rejissor eksplikasiyaları, rol dəftərləri, müxtəlif tamaşalardan çəkilmiş foto və neqativlər, səhnə əsərlərinə verilmiş dekorasiya və geyim eskizləri, maketlər, obrazlara tikilmiş kostyumlar, rekvizitlər qorunur və nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR