Bank Of Baku

“Mərhəmət sorağında” adlı sənət sərgisinin açılışı keçirilib

“Mərhəmət sorağında” adlı sənət sərgisinin açılışı keçirilib
# 24 dekabr 2009 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 24-də Müasir İncəsənət Mərkəzində “Mərhəmət sorağında” adlı rəsm, rəngkarlıq, dekorativ-tətbiqi sənət sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, tədbirin təşkilində məqsəd xüsusi diqqətə və qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və onların yaradıcılıq potensialının üzə çıxarılmasıdır. S. Nuriyev sərgiyə 30 uşağın rəsm, rəngkarlıq, dekorativ-tətbiqi sənət sahələri üzrə 88 işinin təqdim edildiyini deyib: “Bu sərgi 2009-cu ilin “Uşaq ili” elan olunması çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin keçirdiyi növbəti tədbirdir. Ötən il ərzində idarə tərəfindən “Mənim qədim şəhərim” adlı rəsm, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət sərgi-müsabiqəsi, habelə Şirvanşahlar Sarayı Kompleksində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün uşaq tamaşasının nümayişi təşkil edilib”.

Sərginin açılışında iştirak edən ombudsman Elmira Süleymanova qayğıya ehtiyacı olan uşaqlara daim diqqət ayrılmasının vacibliyini vurğulayıb: “Bu uşaqlar hər an bizdən ünsiyyət və diqqət istəyirlər. Biz bu diqqəti onlardan əsirgəməməliyik. Bütün tədbir iştirakçıları şahiddir ki, Allah bunlardan bir şeyi alıb, ancaq əvəzində necə bir istedad verib. Onların əl işlərinə baxanda insan məəttəl qalır ki, sağlam əllərimlə mən bunu yarada bilərəm? Mən bu uşaqlarla müntəzəm iş aparıram”.

Tədbirdə Macarıstanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, rəssamlar və başqaları da çıxış edərək uşaqlara müvəffəqiyyət arzulayıblar. Dekabrın 26-dək davam edəcək sərginin açılışında bütün iştirakçı uşaqlara sertifikatlar təqdim olunub və hədiyyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR