Bank Of Baku

Bəstəkar Emil Şahin: “Bakıda Eros Ramazottinin konsertini təşkil edəcəyəm” - MÜSAHİBƏ - FOTO

Bəstəkar Emil Şahin: “Bakıda Eros Ramazottinin konsertini təşkil edəcəyəm” -  <font color=red>MÜSAHİBƏ - FOTO</font>
# 25 dekabr 2009 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gənc bəstəkar və “Emil Shahin Production”un rəhbəri Emil Şahinin APA-ya müsahibəsi

- Eşitmişik ki, yeni opera üzərində işləyirsiniz...

- “Bir sevgi hekayəsi” adlı opera üzərində işləyirəm. Operanın librettosu Leyli xanıma məxsusdur. Hazırda opera üzərində həm yaradıcılıq, həm də texniki baxımdan böyük komanda çalışır. Operaya xalq artisti Alim Qasımov, Əminə Yusifqızı, əməkdar artistlər Fərqanə Qasımova, Fidan Hacıyeva, Elçin Əzizov, Xanım Qafarova, gənc muğam ifaçısı Bəyimxanım Mirzəyeva və digər yerli, eləcə də xarici ifaçılar cəlb olunacaq. Opera Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri Teymur Göyçayevin dirijorluğu ilə müşayiət olunacaq. Orkestrdən əlavə heyətə “Natiq” ritm qrupu da daxildir. Eləcə də operada milli və şərq musiqilərinə də müraciət ediləcək. İki saatlıq tamaşa olacaq və bu operanı gələn il may ayında təqdim etmək istəyirəm. Bu sırf klassikadan ibarət opera deyil. Burada estrada janrından da istifadə olunacaq. Operada Azərbaycan musiqisinin baş tacı olan muğam da yer alacaq. Opera sevgidən bəhs edir və sonluğu müsbət nəticələnir. Bu operanın bütün təşkilatı işlərinə də özüm nəzarət edirəm. Operanı təqdim etməzdən əvvəl və sonra böyük mətbuat konfransını keçirmək niyyətindəyəm. Əminəm ki, operadan sonra tənqidlər olacaq, bu tənqidlərə də hörmətlə yanaşıram və buna hazıram.

- Gənc olmanıza baxmayaraq, opera janrına müraciət etmisiniz. Halbuki, hətta yaşlı bəstəkarların əksəriyyəti belə opera yazmağa çətinlik çəkirlər. Bu işin məsuliyyətini tam olaraq anlayırsınızmı?

- Həqiqətən də bu gün bir çox bəstəkarlar bu addımı atmaqdan çəkinirlər. Ancaq mən özümü buna hazır hiss edirəm və alınacağına əminəm. Dahi Üzeyir Hacıbəyov da “O olmasın, bu olsun” operasını çox gənc yaşlarında yazıb. Ümumiyyətlə, mən sənətdə Üzeyir Hacıbəyovu özüm üçün ideal hesab etmişəm və bu sənətə də gəlməyimdə onun musiqilərinin çox böyük rolu var. Gələcəkdə də bəstələdiyim mahnılarının, eyni zamanda da operanın xalq mahnısına çevrilməsini istəyirəm. Hər zaman məni gənc bəstəkarlarla müqayisə edirlər, amma bu müqayisə məni qane etmir. Ad çəkib kimlərisə reklam etmək istəmirəm, ancaq mənim mahnılarımın hər biri doğrudan da hitə çevrilir. Beş ildir sənətdəyəm, bu müddət ərzində isə bəziləri kimi az iş görüb çox danışmamışam. Azərbaycanın ən tanınmış müğənniləri məhz mənə müraciət edir və məndən mahnı istəyirlər. Opera sıradan bir iş deyil, bu olduqca çətin və məsuliyyətli bir işdir.

- Azərbaycanın çoxsaylı tanınmış müğənniləri ilə uğurlu işbirliyiniz olub. Bəs, xarici müğənnilərlə əməkdaşlıq nəzərdə tutmursunuz?

- Düzdür, Azərbaycanda bir çox tanınmış müğənnilərlə işləmişəm, ancaq başa düşürəm ki, bu, hər şey demək deyil. Ancaq Azərbaycan müğənniləri ilə işləmək fikrində deyiləm, dünyaya çıxmaq istəyindəyəm. Bu yaxınlarda Türkiyədən maraqlı bir təklif almışam. Təklif ondan ibarətdir ki, beş il müddətində Azərbaycandan kənarda, yəni qardaş Türkiyədə fəaliyyət göstərməliyəm. Bu işbirliyi rəsmi müqavilə əsasında həyata keçiriləcək. Bu təklifə əsasən mən Türkiyənin məşhur müğənniləri İbrahim Tatlısəs, Ajda Pekan, Sezen Aksu və başqaları üçün silsilə mahnılar yazmalıyam. Amma hələlik bu təklifi qəbul edib-etməyəcəyimi dəqiqləşdirməmişəm. Çünki beş il müddətində Azərbaycandan kənarda yaşamaq çox çətindir. Mənim də onlar qarşısında şərtim olacaq və o şərtimlə razılaşsalar, bu təklifi müsbət dəyərləndirəcəyəm. Eyni zamanda “Bir sevgi hekayəsi” operasını tək Azərbaycanda yox, dünyanın bir neçə ölkəsində nümayiş etdirməyi qarşıma məqsəd qoymuşam. Beş illik fəaliyyətim ərzində bəstələdiyim mahnılar hər kəs tərəfindən qəbul edilib. Sənət olan yerdə rəqabət də olacaq. Əlbəttə ki, mən sağlam rəqabəti sevirəm. Çünki rəqabət olan yerdə inkişaf da olur. Ümumiyyətlə, hər bir bəstəkarın bəstəsinə hörmətlə yanaşıram. Yalnız klassik bəstəkarlardan bəhrələnirəm, amma onları dəyərləndirmək mənim deyil, tamaşaçının işidir.

- Azərbaycan Bəstəkarlar İttifaqına üzv olmaq istəyindəsinizmi və bu arzunuzu nə zaman reallaşdıracaqsınız?

- Musiqi sahəsində ali təhsilim olmadığına görə hələ ki, bu arzumu reallaşdıra bilmirəm. Ancaq gələn il musiqi təhsili almaq istəyirəm və bundan sonra Bəstəkarlar İttifaqına üzv olmaq üçün müraciət etmək fikrindəyəm. Allahın köməyi ilə gələn il üçün sənədlərimi Milli Musiqi Konservatoriyasının bəstəkarlıq fakültəsinə verəcəyəm. Ondan sonra isə artıq ali təhsilli bəstəkar olacağam. Musiqi savadım olmasa da, bütün notları bilirəm və pianoda ali təhsillilərdən də yaxşı ifa edirəm. Ancaq musiqi təhsili almış bəzi bəstəkarlarımız bir notu nədir, hansı mahnının hansı muğam üzərində yazıldığını belə bilmirlər. Mən isə musiqi təhsilsiz bunların hamısını dərinliyi ilə öyrənmişəm. Mənim bəstələdiyim bir mahnı əvvəlcə müğənni Elnur ifa etmişdi, ancaq sonra xalq mahnılarının mahir ifaçısı Aybəniz Haşımova bu mahnıya müraciət etdi. Artıq bu onun göstəricisidir ki, mahnılarım müğənnilər tərəfindən də sevilir və yüksək qəbul edilir.

- Bilirik ki, çoxsaylı müğənnilərə mahnılarınızı qarşılıqsız, yəni pul almadan hədiyyə edirsiniz...

- Hər müğənniyə deyil, yalnız sənətinə hörmət etdiyim müğənnilərə mahnılarımı təmənnasız olaraq təqdim edirəm. Bildiyiniz kimi, bəstələrimi Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Sevda Ələkbərzadə, Röya, Elnur Məmmədov və digərlərinə verirəm. Ona görə yox ki, mənim pula ehtiyacım yoxdur. Hər bir insan kimi mənim də pula ehtiyacım olur. Ancaq Türkiyədən gələn təklifi qəbul etsəm, müqavilə bağlayacağım şirkətlə hər mahnım üçün müəyyən bir məbləğ danışacağam. Mənə çox müğənnilər müraciət edir, ancaq mahnılarımı hər müğənniyə vermirəm. Mahnılarımı yalnız bəyəndiyim və sənətinə, özünə hörmət etdiyim sənətçilərə verirəm. Bəyənmədiyim müğənni mahnıma milyardlarla belə pul versə belə, ona bir mahnımı da vermərəm. Hər bir mahnım Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyi üçün, heç kim məndən icazəsiz bəstələrimə müraciət edə bilməz. Müğənniyə mahnını təqdim edəndə aranjemanına da, səsyazma studiyasında son variantına qədər diqqət yetirirəm. Mahnılarımı satsam, bir mahnım üçün 8000 manat tələb edərəm. O da baxır hansı müğənniyə...

- “Eurovision-2009” müsabiqəsində bəstəkarlar üçün elan olunan milli seçimlər üçün Siz də mahnı hazırlamışdınız. Ancaq sonradan Sizin hazırladığınız mahnı yox, Araşın mahnısı bu müsabiqədə ifa şansı qazandı...

- Həmin mahnı üzərində böyük komanda şəklində il yarım işlədik. Artıq çoxsaylı tamaşaçılar da bu mahnını dinləyib və bilir ki, bu mahnıda Teymur Göyçayev, Alim və Fərqanə Qasımovlar, Natiq Şirinov və onun eyniadlı qrupu, Ülviyyə Ağayeva kimi peşəkarlar olub. Bu mahnını müsabiqəyə təqdim edəndə mən də, müsabiqənin Azərbaycan üzrə Təşkilat Komitəsi də əmin idi ki, bu mahnı birinci olacaq. Hətta mənə demişdilər ki, təqdim olunan mahnılar arasında ən təqdirəlayiqidir. Hətta mahnını verəndən sonra mənə zəng edib təbrik edənlər də oldu. Son nəticə məlum olanda ki, mahnım seçilməyib, çox böyük stress keçirdim, çünki bu inanılmaz idi. Mahnımın seçilməməsinin səbəbi kimi isə təşkilat komitəsi mövzunu və mahnıda istifadə etdiyim milli musiqi aləti tarı bəhanə gətirdi. Məndən mahnının sevgi mövzusunda olmasını və tarı bu mahnıdan yığışdırmağımı istədilər. Ülviyyə Ağayevanın zahiri görünüşünü də səbəb kimi gətirdilər və bu mahnını Ayselin oxuyacağını bildirdilər. Mən xarici görünüşdən çox isə ifaya önəm verirəm və bu fikrimdə də qalıram. Ancaq mən onların istədiklərini qəbul etmədim. Sonra isə Araşın mahnısını eşidəndə və klipi görəndə şok vəziyyətinə düşdüm. Axı tardan orda da eyni ilə istifadə olunmuşdu. Bu hal bir azərbaycanlı kimi məni çox sarsıtdı. Halbuki təqdim etdiyim mahnının ideyası da, mövzusu da çox aktual idi. Mahnım insanları sülhə, barışığa səsləyirdi. Bu mahnı Araşın mahnısından çox güclü idi. Bu mahnı ilə Azərbaycanın birinciliyinə şübhə belə ola bilməzdi.

- Bəs, “Eurovision-2010” müsabiqəsi üçün yeni bir mahnı hazırlamaq niyyətində deyilsiniz?

- Belə bir fikrim yoxdur, gələn il üçün milli seçimlərə mahnı təqdim etməyəcəyəm. “Eurovision-2010” müsabiqəsində həm təmsilçidən, həm də ifa olunacaq mahnıdan böyük məsuliyyət tələb olunur. Azərbaycanın “Eurovision-2009” müsabiqəsində üçüncülük əldə etməsindən sonra bu məsuliyyət çox artıb. Ancaq 2011-ci ildə mahnılarımla milli seçimlərə qatılmaq və ölkəmə birincilik gətirmək istəyirəm. Elə 2011-ci il üçün mahnı hazırlığına operanı təhvil verdikdən sonra başlamaq niyyətindəyəm. Bu mahnıda da eyni komanda ilə, o cümlədən Alim Qasımovla işləyəcəyik. Bu mahnıda Crazy Frogu da dəvət etmək fikrindəyəm.

- Yəqin ki, yeni mahnılar üzərində də çalışırsınız. Hansı müğənnilərlə işbirliyi nəzərdə tutulur?

- Röya sözləri İsmayıl Dadaşova, musiqisi mənə məxsus olan “Gözləyirəm”, Zülfiyyə Xanbabayeva sözləri Leyliyə, musiqisi mənə məxsus olan “Keçdi getdi” mahnılarımı ifa ediblər. Bundan əlavə Elnur, Natəvan Həbibi və “Şeron” qrupu yeni mahnılarımı ifa edəcəklər. Yeni ildən sonra ilk bəstəm olan “Xəyallar” kompozisiyasını rejissor Ülviyyə Könül ekranlaşdıracaq. Klipin süjet xətti kompozisiyaya uyğun olaraq çəkiləcək. Bundan əlavə yeni “Tənha külək” kompozisiyası üzərində işləyirəm.

- Adınızı daşıyan və rəhbərlik etdiyiniz “Emil Shahin Production”un fəaliyyəti nə yerdədir? Eros Ramazottinin Bakı səfərinin gerçəkləşməsinə nə mane olur?

- Rəhbərlik etdiyim prodakşının fəaliyyətini uğurla davam etdirirəm. Qarşıda bir çox layihələri həyata keçirməyi düşünürəm. Eros Ramazottinin Bakı səfərinə gəlincə isə, onun şərtləri deyil, mənim şərtlərim onu qane etmir. O, səfər müddətində səkkiz ulduzlu mehmanxanada yaşamağı, hava limanında təyyarədən enən kimi yerə qırmızı xalça döşənməsini, hər yerin gül çələngləri, ləçəkləri ilə örtülməsini tələb edir. Nəzərə alsaq ki, bu sadalananların Azərbaycanda təşkili müşkül məsələdir, onun səfərini bizim şərtlərə uyğun şəkildə həyata keçirməyə cəhd göstəririk. Bununla bağlı danışıqlarımız davam edir və mən Eros Ramazottinin Bakıdakı konsertini təşkil edəcəyimə söz verirəm.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR