Bank Of Baku

Bəsti Cəfərova: “Deməzdim ki, Məlahət Abbasova Türkiyədə çox parlaq rollar yaradıb”

Bəsti Cəfərova: “Deməzdim ki, Məlahət Abbasova Türkiyədə çox parlaq rollar yaradıb”
# 21 yanvar 2010 13:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Məlahət Abbasova çox yaxşı qızdır, ancaq mən deməzdim ki, onun Türkiyədə rolları parlaqdır. Düzdür, Türkiyədə seriala da çəkilib, ancaq Məlahət Bakıda olsaydı, onun yaradıcılığı daha parlaq olardı. Hər halda türklər də özününküləri bizdən daha artıq istəyirlər. Məlahətin burada oynaya biləcəyi ilə, orada oynadığı bir deyil. Əgər Məlahət burada qalsaydı, öz xalqı və teatr tarixi üçün böyük töhfələr verə bilərdi. Əgər Məlahət öz yaradıcılığından razıdırsa, mən onun adına çox sevinirəm”. Bu açıqlamanı APA-ya Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərova Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova ilə bağlı verilən suala cavab olaraq deyib.

B. Cəfərova eləcə də onun xaricdə yaşaması və fəaliyyət göstərməsi üçün bir vaxtlar şans yarandığını vurğulayıb, ancaq aktrisa üzünə açılan bu qapıları özü bağlayıb: “1990-cı ildə mənim də Türkiyədə fəaliyyət göstərmək üçün bir şansım var idi. Bəlkə də sizə gülməli görünəcək, ancaq mən fikirləşdim ki, bu təklifini qəbul edib Ankaraya getsəm, Akademik Dövlət Dram Teatrı mənsiz nə edəcək? Fikrimcə, mənim sənətim azərbaycanlılara - öz xalqıma lazımdır. Bu istedad da Azərbaycan teatrı üçün mənə verilib və bu istedad doğma teatrımıza lazımdır”.

Xalq artisti klip və reklamda çəkilmək, eləcə də aparıcılıq etmək fikrində olmadığını açıqlayıb: “Klip və ya reklamda çəkilmək, veriliş aparmaq fikrində deyiləm. Əgər hansısa həmkarım bunu edirsə, onları qınamıram, amma mən özüm istəmirəm. Gül kimi sənətim var. İstərdim ki, Azərbaycanda da Türkiyədəki kimi serial sənayesi yaransın. Yüksək səviyyədə ssenarilər olsun, biz də oynayaq, öz sənətimizdən bəhrələnək. Amma aparıcılıq edim, sonra da gəlim Afət rolunu oynayım? Bu, alınmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR