Bank Of Baku

Heydər Əliyev Fondu xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə musiqi albomu nəşr edib

Heydər Əliyev Fondu xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə musiqi albomu nəşr edib
# 10 mart 2010 08:53 (UTC +04:00)
Bakı-APA. Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə musiqi albomu nəşr edib. Fonddan APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanıb. Musiqi albomu kitab və dörd kompakt diskdən ibarətdir. Albomda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.

Məlumatda qeyd edilib ki, 70 il əvvəl Lənkəranda musiqiçi ailəsində anadan olan, xanəndə babası və atasının yolunu davam etdirən Canəli Əkbərov illər sonra Bakıda Filarmoniyanın nəzdində fəaliyyət göstərən Xan Şuşinskinin muğam studiyasında ustad dərsi alıb. Bu məktəbin təsiri onun bütün yaradıcılıq yolunu müşayiət edib. Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında “Zabul-segah”, “Mahur-hindi” muğam dəsgahları, “Dügah”, “Şahnaz” muğamları, “Simayi-şəms”, “Mənsuriyyə” zərb muğamları, “Qarabağ” şikəstəsi və xalq mahnıları toplanıb. Heydər Əliyev Fondunun yeni layihəsi indiyədək nəşr olunmuş “Qarabağ xanəndələri”, “Muğam aləmi” musiqi albomları, tədris vəsaiti kimi hazırlanan “Azərbaycan muğamı” multimedia toplusu, muğam ustadlarımız, xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, tanınmış kaman ustası, xalq artisti Habil Əliyevin, xalq artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edən musiqi albomları silsiləsini zənginləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR