Bank Of Baku

“Sarvan” folklor rəqs qrupu Gürcüstanda keçirilən festivalda “Qran- Pri” mükafatına layiq görülüb

“Sarvan” folklor rəqs qrupu Gürcüstanda keçirilən festivalda “Qran- Pri” mükafatına layiq görülüb
# 15 mart 2010 19:03 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Tiflis şəhərinin İdman Sarayında “Alami” Beynəlxalq Hüquq Təşkilatı tərəfindən Gürcüstanın xalq artisti, gürcü xoreoqrafiya məktəbinin banisi, Cano Baqrationinin 100 illiyinə həsr olunmuş I Beynəlxalq Mahnı və Rəqs festival-müsabiqəsi yekunları elan edilib. Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin katibi Nərgiz Əliyevanın APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, festivalda Gürcüstanın 80-ə yaxın gürcü və milli azlıqların rəqs qrupları iştirak ediblər.

Bu festivalda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu 3 nominasiyada çıxış edib. Münsiflər heyəti tərəfindən “Sarı gəlin”, “Qızlar rəqsi” və “Yallı” Azərbaycan xalq rəqsləri böyük maraqla izlənilib. 10 nəfərdən ibarət münsiflər heyətinin qərarına əsasən “Sarvan” folklor rəqs qrupu qızıl medal və “Qran- Pri” mükafatına, qrupun üzvləri isə diplom və laureat adına layıq görülüblər.

Bundan əlavə, “Alami” təşkilatı tərəfindən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənova təşəkkür məktubu ünvanlanıb.

“Sarvan” rəqs qrupunun bədii rəhbəri Cəmilə Məmmədova APA-ya bildirib ki, qısa müddət ərzində “Sarvan” folklor rəqs qrupu “Friendship Force Festival” , “Global Pease Festival”, “Gənclərin yaz festivalı” festival-müsabiqələrdə də iştirak edərək I yeri tutub.

“Rəqs qrupumuz milli-mənəvi dəyərlərimizi nəinki Gürcüstanda, eləcə də xarici ölkələrdə də təbliğ etməyə hazırlaşır”, - deyə S.məmmədova bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR