Bank Of Baku

Azərbaycan paytaxtında keçirilən xalq teatrları festivalının qalibləri müəyyənləşib

Azərbaycan paytaxtında keçirilən xalq teatrları festivalının qalibləri müəyyənləşib
# 10 aprel 2010 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Teatr Xadimləri İttifaqında ötən həftə Bakıda start götürən paytaxt xalq teatrları festivalının bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə keçirilən festivalda 10 gün ərzində paytaxtda fəaliyyət göstərən xalq teatrları və dram dərnəkləri iştirak edib. Ümumilikdə 12 xalq teatrı və 3 dram dərnəyinin qatıldığı festivalda Azərbaycan xalq nağılları, klassiklər və müasir yazıçıların əsərləri səhnələşdirilib təqdim olunub. Festivala təqdim olunan mədəniyyət müəssisələri kollektivlərinin həvəskar aktyorları arasında məktəblilər, tələbə və müxtəlif peşə sahibləri tamaşalarda yer alıblar.
Festivalın qaliblərinin müəyyənləşdirilməsi üçün yaradılan münsiflər heyətini Mədəniyyət və İncəsənət Universitetinin dosenti Könül Axundova, əməkdar incəsənət işçisi Atabala Hacıbabayev, əməkdar incəsənət xadimi Loğman Kərimov, əməkdar artist Azad Şükürov və Bakı Musiqi Akademiyasının dosenti Aydın Əzimov təmsil edib. Nəticədə, Mərdəkan Xalq Teatrı «Diqqət, başlayıram» tamaşası ilə I yeri, Əbilov adına Mədəniyyət Mərkəzinin Axın Teatrı II yeri, Balaxanı qəsəbəsinin Mədəniyyət Evinin Kukla Teatrı III yeri tutub. Daha sonra ən yaxşı rejissor, ən yaxşı aktyor, ən yaxşı aktrisa və ən yaxşı musiqi tərtibatına görə qaliblər müəyyənləşib.
Qeyd edək ki, festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb olunması, əhalinin teatr sənətinə marağının artırılması məqsədi ilə təşkil olunub. Qalib gələn kollektivlər xalq teatrlarının ümumrespublika baxış müsabiqəsinə vəsiqə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR