Bank Of Baku

Azərbaycanın görkəmli aktrisası Ofeliya Aslanla vida mərasimi keçirilib

Azərbaycanın görkəmli aktrisası Ofeliya Aslanla vida mərasimi keçirilib
# 19 may 2010 13:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, aktrisanın evində keçirilən vida mərasiminə sənət dostları, müxtəlif teatrların aktyorları, mərhumun yaxın qohumları qatılıblar.

Aktrisanın keçmiş həyat yoldaşı, xalq artisti Siyavuş Aslan APA-ya açıqlamasında 71 yaşlı aktrisanın bir ildən artıqdır, xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, mərhum həyat yoldaşı ilə uzun illər əvvəl ayrılsalar da, Ofeliya xanımı lazım gələndə həkim müayinəsindən keçirirmiş: “Biz ayrılsaq da, nə mən, nə də o, ailə qurdu. Yaşamışıq də bir təhər, bu dünyada... Allah rəhmət eləsin. Allah bu dünyada hərəyə bir ömür verir. Kimini alçaldır, kimi ucaldır”.

S. Aslan tanınmış aktrisa olan mərhum həyat yoldaşının heç bir fəxri ad almamasına da münasibət bildirib: “Mən dövlətin işinə qarışmıram. Nə deyə bilərəm? Kimə məsləhət bilirlər, ona da ad verirlər”.

Aktrisa köhnə Çəmbərkənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ofeliya Aslan 27 yanvar 1939-cu ildə Bakıda, görkəmli aktyor Rza Əfqanlının ailəsində doğulub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili Komediya aktyoru» fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb.

O. Aslanın ilk rolu «Durna» komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, «Beşmanatlıq gəlin»-də Gülnaz, «Arşın mal alan»-da Telli, «Hicran»-da Çarleston, «Axırı yaxşı olar»-da Dilbər, «Bankir adaxlı»-da Səmayə və s. rolları ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. O. Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R. Hacıyevin «Mama, ya jenyus» əsərində Bibixanım rolunda çıxış edib. Aktrisaya heç bir fəxri ad verilməyib.

O. Aslan mayın 18-də dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR