Bank Of Baku

Dövlət Kukla Teatrında islahatlar gözlənilir

Dövlət Kukla Teatrında islahatlar gözlənilir
# 08 iyun 2010 10:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yeni direktoru Rəşad Əhmədzadə teatrda bəzi islahatlar həyata keçirmək fikrindədir. R. Əhmədzadə APA-ya bildirib ki, gənc kukla mütəxəssislərinin xaricdə təhsil alması və bu təcrübədən istifadə olunması nəzərdə tutulur: “Doğrudur, bu gün kukla sarıdan problemimiz yoxdur. Ancaq bu kuklaların xaricdən gətirilməsi halını azaltmaq və öz mütəxəssislərimizin işindən daha çox yararlanmaq niyyətindəyik. Bunun üçün gənc kukla rəssamlarımızın, eləcə də bu sahədə çalışan digər əməkdaşların xaricdə təhsil almasını arzulayırıq. Sözsüz ki, bütün bunlar birdən-birə olan şey deyil, sadəcə, bunları həyata keçirmək lazımdır”.

İki aya yaxındır ki, teatr direktoru vəzifəsində çalışan Rəşad Əhmədzadə bu işin onun üçün heç də çətin olmadığını söyləyib: “Mən 1980-ci ildən teatr sahəsində çalışıram. 1996-cı ilin yanvarından Dövlət Kukla Teatrının direktor müavini vəzifəsini tutmuşam. O səbəbdən də bu iş mənim üçün çətin deyil, yetəri qədər məlumatlıyam”.

Rəhman Əhmədzadənin sözlərinə görə, hazırda Kukla Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası üzərində iş gedir və teatr rəhbərliyi bu tamaşanı böyük bəstəkarın doğum gününə qədər təhvil vermək niyyətindədir. Bu tamaşanın baş rolunda xalq artisti Yaşar Nuri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR