Bank Of Baku

Azərbaycanlı musiqiçilər Türkmənistanda keçirilən beynəlxalq musiqi festivalında ən yüksək mükafat olan “qran-pri”yə layiq görülüblər

Azərbaycanlı musiqiçilər Türkmənistanda keçirilən beynəlxalq musiqi festivalında ən yüksək mükafat olan “qran-pri”yə layiq görülüblər
# 25 avqust 2010 10:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan musiqiçiləri Türkmənistanda keçirilən “Avaza” ənənəvi beynəlxalq musiqi festivalında 21 ölkə arasında ən yüksək mükafat olan “qran-pri”yə layiq görülüblər. Avqustun 18-dən 21-nə kimi davam edən festival üç turdan ibarət olub. Azərbaycanı festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Səbuhi İbayev və Muğam Teatrının solisti Almaz Orucova təmsil edib. Bu günlərdə Vətənə qayıdan festival iştirakçısı Səbuhi İbayev APA-ya açıqlamasında bildirib ki, beynəlxalq musiqi festivalında Azərbaycanla yanaşı ABŞ, Hindistan, İran, Tacikistan, Özbəkistan, Türkiyə və digərləri də daxil olmaqla 21 ölkə iştirak edib. S. İbayev deyib ki, azərbaycanlı musiqiçilər festivalın açılışında çıxış ediblər və çıxışlarına “Cahargah” muğamı ilə başlayıblar. Daha sonra isə onlar bəstəkar Şəfiqə Axundovanın “Mehriban olaq” mahnısını ifa ediblər: “Bu il festival çərçivəsində ancaq üç “qran-pri” mükafatı təsis edilmişdi. “Qran-pri”ni ilk olaraq bizə təqdim etdilər. Festivalın “qran-pri” mükafatından və diplomundan başqa, bizə Türkmənistanın sazı, milli geyimləri, eləcə də xalça hədiyyə etdilər. Festivalda “qran-pri”yə bizimlə bərabər, Tacikistan və Qazaxıstan musiqiçiləri layiq görüldü”.

Xanəndə onu da deyib ki, festivalın təşkilatçıları Azərbaycan musiqiçilərini növbəti ildə keçiriləcək eyni festivala dəvət edib.

Festivaldakı konsertlərdə solistləri tarda Rüfət Həsənov, kamança da isə Elnur Mikayılov müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR