Bank Of Baku

Musiqili Komediya Teatrı yeni teatr mövsümünü Xaçmazda açacaq

Musiqili Komediya Teatrı yeni teatr mövsümünü Xaçmazda açacaq
# 09 sentyabr 2011 12:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi Xaçmaza qastrola gedəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv sentyabrın 18-də Üzeyir Musiqi Günü münasibəti ilə Xaçmaz şəhərində musiqi bayramında çıxış edəcək. Həmin gün Xaçmaz şəhərinin mərkəzindəki “Şəxsiyyətlər muzeyi”ndə vaxtilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmış sevimli gülüş ustaları – xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev və Hacıbaba Bağırovun abidələri ziyarət olunacaq. Axşam isə teatrın tanınmış aktyorlarının ifasında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası nümayiş olunacaq.

Teatrın kollektivi sentyabr ayının 19-da Şabran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin yenicə təmir etdirdiyi Mədəniyyət evində də “Ər və arvad” tamaşası ilə çıxış etməyi planlaşdırır. Tamaşadakı əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ema Məlikova, Gülcahan Salamova, Əlimməməd Novruzov çıxış edəcəklər. Azərbaycanın ilk operettası kimi tarixdə əbədiləşən və 100 yaşını artıq qeyd edən “Ər və arvad”ın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam Eldar Qurbanov, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Vaqif Məstanov, konsertmeysteri isə Nərminə Əbdürəhmanovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR