Bank Of Baku

Akademik Milli Dram Teatrında iki tamaşa təxirə salınıb

Akademik Milli Dram Teatrında iki tamaşa təxirə salınıb
# 27 oktyabr 2011 14:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunması nəzərdə tutulan “Teleskop” tamaşası təxirə salınıb. APA-nın xəbərinə görə, tamaşanın başlanmasına bir neçə saat qalmış onun təxirə salındığı barədə məlumat verilib.

Teatrdan tamaşanın təxirə salınma səbəblərinə aydınlıq gətirilməsə də, tamaşada baş rol ifaçısı Füzuli Hüseynov APA-ya bildirib ki, tamaşanın təxirə salınması ilə bağlı xəbər ona bir neçə saat əvvəl verilib: “Biz bu gün tamaşaya hazırlaşırdıq. Amma saat 14 radələrində teatrın truppa müdiri mənə zəng etdi ki, bu gün tamaşa olmayacaq. Düşünürəm ki, çox hörmətli İsrafil müəllimin Özbəkistanda teatr festivalında olması və onun yerində təşkilatı işlərin normal həyata keçirilməməsi səbəbindən bu vəziyyət yaranıb”.

F.Hüseynov deyib ki, bu xoşagəlməz hallar reklamın normal olmamasından irəli gəlir: “Tamaşalarla bağlı reklam çarxları düzgün təbliğ olunmur. Bir zamanlar teatrda baş verən rəhbər dəyişikliyi, aktyorlar arasında keçirilməsi nəzərdə tutulan müsabiqə bütün respublika tərəfindən müzakirə olunurdu, hamı o müsabiqə barədə xəbər alırdı. Çünki reklamı çox güclü idi və nəticəsi də elə olmalı idi. Bu günün özündə də teatrda nümayiş olunan tamaşaların təbliğatının normal aparılması mütləqdir. Reklamı düzgün etmək lazımdır. Həqiqətən də bu gün təbliğat zəifdir. Televiziyalarda teatrın təbliğatı ilə heç kim məşğul olmur”.

F. Hüseynov onu da deyib ki, “Teleskop” tamaşası bu ilin mayından teatrsevərlərin ixtiyarına verilib, ilk dəfədir, təxirə salınır.

Tamaşadan o da bildirilib ki, bu, Akademik Milli Dram Teatrında təxirə salınan yeganə tamaşa deyil. Oktyabrın 30-da premyerasının keçirilməsi nəzərdə tutulan, rejissor Azərpaşa Nemətov tərəfindən hazırlanan “Boy çiçəyi” (“Sən həmişə mənimləsən”) tamaşası da təxirə salınıb.

Qeyd edək ki, “Teleskop” tamaşasının quruluşçu rejissoru Finlandiyada yaşayan həmvətənlimiz rejissor Kamran Şahmərdandır. Tamaşa xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyası əsasında hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR