Bank Of Baku

Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 105 illiyi münasibəti ilə “Əsrlərin nəğməsi” adlı sərgi keçirilib

Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 105 illiyi münasibəti ilə “Əsrlərin nəğməsi” adlı sərgi keçirilib
# 16 noyabr 2011 14:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 17-də xalq rəssamı Lətif Kərimovun anadan olmasının 105 illiyidir. Bu münasibətlə bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Əsrlərin nəğməsi” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, sərginin təşkil olunmasında əsas məqsəd dünya şöhrətli sənətkarı anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır.

Sərgidə çıxış edən muzeyin direktoru Röya Tağıyeva L. Kərimovun həyat və yaradıcılığı barədə danışıb. Onun sözlərinə görə, beş yaşında ikən anasının toxuduğu xalçaya gizlicə ilmə vuraraq xalça sənətinə həvəs göstərməyə başlayan Lətif illər ötdükcə bu sənətə ömürlük bağlanıb. İlk dəfə Azərbaycan xalçalarını tam olaraq tədqiq edən L. Kərimovun üç cildlik “Azərbaycan xalçası” monoqrafiyası xalça sənətinin tədqiqinə həsr edilib. R. Tağıyevanın sözlərinə görə, dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında da xalçaçı rəssamın təşəbbüsü və böyük zəhməti var.

“Əsrlərin nəğməsi” sərgisində rəssamın fotoşəkilləri, şəxsi əşyaları, “Ağaclı”, “Xətai”, “Çiçəkli buta” kimi xalça eskizləri, “Füzuli”, “Səfiəddin Urməvi”, “Əsrlərin nəğməsi”, “Şəbi hicran”, “Nəvəli nəticəli buta” kimi xalçaları, o cümlədən Röya Tağıyevanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyi münasibətilə Azərbaycan, rus və ingilis dillərində nəşr olunan “Lətif Kərimov fenomeni” və “Azərbaycan xalçası” adlı iki cildlik kitabları nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR