Bank Of Baku

“Qaya” qrupunun 50 illik yubileyi qeyd edilib- FOTOSESSİYA

“Qaya” qrupunun 50 illik yubileyi qeyd edilib- <font color=red>FOTOSESSİYA </font>
# 18 noyabr 2011 22:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 18-də Heydər Əliyev Sarayında xatirələrdə yaşayan “Qaya” qrupunun 50 illik yubiley mərasimi keçirilib. APA-nın məlumatına görə, yubiley mərasiminin keçirildiyi səhnə köhnə Bakı bulvarını xatırladıb. Gecənin rejissorluğunu həyata keçirən Cavid İmamverdiyev səhnənin bu formatda olmasını 50 il bundan əvvəl yaradılan və qısa müddətdə çoxsaylı insanların ürəyinə yol tapan ”Qaya” qrupuna daha yaxın olmasını əsas tutub. Yubiley mərasiminin aparıcılığını əməkdar artist Firdovsi Atakişiyev həyata keçirib. Gecədə “Qaya” qrupunun iki üzvü - Azərbaycanın xalq artistləri Rauf Babayev və İsraildən məhz bu tədbirdə iştirak etmək üçün Bakıya gələn Teymur Mirzəyev iştirak edib. Elə səhnədə qurulmuş Bakı bulvarına da ilk əvvəl bu ikili dəvət edilib. Yubileylə bağlı fikirlərini bölüşən R.Babayev və T.Mirzəyev xatirələrə də dalıblar. Daha sonra ekranda Polad Bülbüloğlu, Vaxtanq Kikabidze, Rüstəm İbrahimbəyov və digər tanınmış şəxsiyyətlərin yubiley təbriklərindən hazırlanmış video-çarx göstərilib. Qrupun mərhum üzvü Arif Hacıyevin xatirəsi anılıb və səhnədə qurulmuş ekranlarda onun haqqında xüsusi süjet nümayiş etdirilib. Eyni zamanda gecədə səhhətindəki problemlərdən dolayı iştirak edə bilməyən qrupun digər üzvü Lev Yelisavetskinin təbrik sözləri ekran vasitəsi ilə verilib: “Mən bu gün “Qaya”nın 50 illik yubileyinin keçirilməsindən çox şadam. Bu möhtəşəm gecədə sizlərlə bərabər olmağı çox istərdim. Nyu-Yorkdan məhz bu gecədə iştirak etmək üçün gəlmək istəyirdim. Amma təəssüflər olsun ki, səhhətimlə əlaqədar olaraq mənə uzunmüddətli uçuşa icazə verilmədi. Hazırda sizlərin bu çıxışımı gülümsəyərək, xoş təbəssümlə qarşıladığınızı göz önümə gətirirəm. Bildirmək istəyirəm ki, hər birinizi çox sevirəm və buradan salamlayıram”.

Yubiley proqramında daha çox yer Rauf Babayevin rəhbərlik etdiyi əvvəllər “Bəri bax”, hazırda isə “Qaya” adlandırılan ansambla verilib. Ansambl üzvləri 50 yaşını qeyd edən “Qaya”nın ifa etdiyi və yaddaşlara həkk olunan mahnıları səsləndirib. Yeni “Qaya” keçmiş “Qaya”nın üzvlərini razılıqla izləyiblər. Azərbaycanın əməkdar artisti Sərxan Sərxanın məhz bu yubileydə iştirak etmək məqsədi ilə Bakıya gəlməsi və uzun zamandan sonra Heydər Əliyev Sarayında çıxış etməsi tamaşaçıların ürəyindən xəbər verib. Sərxan Sərxan “Qaya”nı “Ay gecikən məhəbbətim” və yeni yazdırdığı “Mənim sevimli Bakım” mahnısı ilə təbrik edib. Gənc pianoçu Emil Əfrasiyaboğlu, Səməd Vurğun adına Rus Dram Teatrının kollektivi, Aleksandr Şarovski, Azərbaycan Dövlət Rəqs Ansamblı və başqaları yubiley mərasimində çıxış ediblər. Teymur Mirzəyevin canlı ifası da tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley mərasimi sürprizlə yekunlaşıb. Belə ki, müxtəlif illərdə “Qaya”nın tərkibində oxuyan Cavan Zeynallı, Abbas Əhməd, Qalina Barinova və digərləri səhnəyə çıxıblar. Onlar birgə “Ey həyat sən nə qəribəsən” mahnısını ifa ediblər.

Xatırladaq ki, “Qaya” 1960-80-cı illərdə SSRİ-nin ilk ən məşhur və caz kvarteti olub. Böyük səhnəyə 1961-ci ildə gələn qrup, qısa bir zamanda SSRİ-yə öz ifaları ilə səs sala bilib. Böyük maraq oyadan qrup keçmiş SSRİ-nin bütün şəhərlərində qastrollarda konsertlər verib, 40-dan çox ölkədə çıxış edib. Konsert verdikləri ilk xarici ölkə isə Əlcəzair olub. Vaxtilə Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Fərəc Qarayev və Tofiq Babayev kimi görkəmli bəstəkarlar məhz “Qaya” kvarteti üçün mahnılar yazıb. 80-ci illərdə tərkibi tez-tez dəyişən qrup dağıldığından sonra, gənclərdən ibarət kvartet kimi Rauf Babayevin rəhbərliyi ilə yenidən səhnəyə qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR