Bank Of Baku

Dövlət Film Fondunda Gülbəniz Əzimzadənin xatirə gecəsi keçiriləcək

Dövlət Film Fondunda Gülbəniz Əzimzadənin xatirə gecəsi keçiriləcək
# 06 aprel 2012 13:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Aprelin 11-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino rejissoru, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Gülbəniz Əzimzadənin 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Fondun mətbuat katibi Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, tədbirdə Gülbəniz Əzimzadə ilə bağlı xatirələr danışılacaq, çəkdiyi filmlərdən parçalar nümayiş etdiriləcək, rejissorun həyat və yaradıcılıq yolunu əks etdirən foto sərgi də təşkil olunacaq.

Qeyd edək ki, Gülbəniz Əzimzadə 1947-ci il aprelin 26-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova rəssam olub. Uşaqlıqdan rəssamlığa meyl göstərən Gülbəniz Əzimzadə səkkizinci sinfi bitirdikdən sonra - 1963-1968-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1969-1974-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1974-1998-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor işləyib. G. Əzimzadə “Nəğmə dərsi”, “Dantenin yubileyi”, “Təkcə adanı özünlə apara bilməzsən”. “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Avqust gələndə”, “Qətl günü” kimi filmlərin quruluşçu rejissorudur. Onun “Müqəddəs oda yanaram” və “Ümid” adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.

G. Əzimzadə uzun illər Kinematoqrafçılar İttifaqında uşaq kinosu bölməsinin müdiri olub. 1994-cü ildə “Cinema-lümyer” kino klubunu yaradıb, orada bir çox maraqlı kino layihələr həyata keçirib. O, uzun sürən xəstəlikdən sonra 2006-cı ilin dekabrında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR