Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi İran İslam Respublikasında keçirilən 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında çıxış edib.
Teatrdan APA-ya verilən məlumata görə, əvvəlcə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə geniş məlumat verib və ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, ordumuzun gücü və şəhidlərimizin qəhrəmanlığından danışıb.
Daha sonra isə Samir Qulamovun pyesi əsasında "Bir nəfəs qədər" musiqili dramı iki dəfə nümayiş olunub.
Qeyd edək ki, tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamovdur.