Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunan “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində, rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb.
APA-nın xəbərinə görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışında mədəni tədbirlərin əhəmiyyətindən danışıb. O bildirib ki, mədəni irs insanları birləşdirir: "Belə mədəni tədbirlərin keçirilməsi Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlığın inkişafına təkan verəcək. Bu festival gözəl təşəbbüsdür. Bu, festivalın ilk tədbiridir. Festivalın proqramı çox maraqlı və zəngindir. Belə ki, proqramda ədəbiyyat gecələri, yerli və xarici rəssamların tədbirləri, kino nümayişləri olacaq".
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə Azərbaycan xalça növləri özünəməxsus şəkildə dünya rəssamlarının əsərlərində nümayiş olunur. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın əsərlərində xalça sənətini və irsini təbliğ etməkdir.
Sərgi martın 6-dək davam edəcək.