İqlim fəalları bu dəfə də Almaniyanın Potsdam muzeyində Klod Monenin əsərinə hücum edib, tablonun üzərinə kartof püresi atıblar.
APA “Guardian”a istinadən xəbər verir ki, etirazçılar bu hücumu iqlim fəlakəti qarşısında həyəcan siqnalı kimi etdiklərini bildiriblər.
“İnsanlar aclıqdan ölür, insanlar donur, insanlar fəlakətə doğru gedir, elm bizə deyir ki, 2050-ci ildə ailəmizi dolandıra bilməyəcəyik”, – açıqlamada bildirilir.
Muzeyin sözçüsü tablonun şüşə ilə qorunduğunu və əsərin zədə görmədiyini bildirib.
Qeyd edək ki, iqlim fəalları bir müddət öncə Avstraliyadakı muzeylərin birində Pablo Pikassonun tablosuna əllərini yapışdırmış, daha sonra isə Londondakı Milli Qalereyada Vinsent van Qoqun “Günəbaxanlar” əsərinin üzərinə pomidor şorbası da atmışdılar.