Bu gün Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçirilib. Sərgidə iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdirilib.
APA xəbər verir ki, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında bildirib ki, bu sərgi ilə əlaqədar bir ildən çoxdur iş aparılır.
Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxışında sərgidə nümayiş olunan əsərlər haqqında danışıb. O qeyd edib ki, belə sərgilər hər iki rəssamın sənətinin növbəti nəsillərə çatdırılmasına xidmət edir.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov deyib ki, hər iki rəssam olduqca istedadlı idi.
Əməkdar rəssam Yelena Haqverdiyeva sərgi haqqında ətraflı məlumat verərək qonaqlara təşəkkürünü bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd edək ki, iyunun 19-dək davam edəcək sərgi çərçivəsində mühazirələr, ustad dərsləri təşkil ediləcək.