“Rüstəm İbrahimbəyov həmişə heyrətamiz dərəcədə müdrik, incə, dərin insan olub”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni və humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Moskvada Rüstəm İbrahimbəyovla keçirilən vida mərasimində çıxışında bildirib.
“Məncə, onun üçün doğma torpağı çox şey ifadə edirdi. Azərbaycan onun üçün çox şey ifadə edirdi. 2010-cu illərdə onun taleyinin müxtəlif dönüşləri hamımıza məlumdur, lakin o, böyük qardaşı Maqsud kimi torpağına çox bağlı bir insan idi”, - deyə Şvıdkoy əlavə edib.
“Onunla hələ çox gənc ikən, “Səhranın bəyaz günəşi”ndən sonra şöhrət təzəcə gələndə tanış olmuşuq. O, pyeslər yazmağa başladı, onları Bakıda yazırdı, Bakı Rus Teatrı üçün yazırıdı, lakin Vaxtanqov adına teatrda “Şirə bənzər” pyesinin premyerası onun yaradıcı tərcümeyi-halı üçün çox önəmli oldu. Çünki o, kino adamı idi, kinomatoqrafiya kurslarını bitirmişdi, amma eyni zamanda sözün qədrini bilən adam idi. O, yazıçı idi və onun ədəbi əsərlərinin təkcə səhnədə və ya kinoda deyil, həm də çap səhifələrində özünə yer tapması onun üçün çox vacib idi. O, yazdığı söz haqqında heç vaxt yüngül düşünmürdü və bu, onun üçün çox vacib idi. Rüstəm müasir həyatda baş verənlərə çox həssaslıqla yanaşırdı. Onu da deyim ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda onun həyatında böyük rolu olub. 1978-ci ildə ekranlara çıxan “İstintaq” filmi kino mühitində və siyasi mühitdə qızğın müzakirələrə səbəb olmuşdu. Bütün bunlar çox cəsarətli idi və o zaman çox vacib idi ki, həmin dövrdə onun yaradıcı cəsarətini dəstəkləyən məhz Heydər Əliyev idi", - deyə Rusiya prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.
Bundan əlavə, Şvıdkoy qeyd edib ki, İbrahimbəyov başqalarının istedadına çox həssas yanaşırdı. Pavel Lungini o kəşf etmişdi. Başqalarına kömək edir və paxıllıq etmirdi: "O, kömək edib. Bu, həmişə çox vacibdir. Bir daha təkrar edirəm, o, öz torpağının oğlu idi. Təsadüfi deyil ki, Rüstəm İbrahimbəyovun kökü dünyanın ən poetik və gözəl yerlərindən biri olan Şamaxıdan gəlir".