Akademik Ömər Eldarovun 95 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
APA xəbər verir ki, konfransda ölkənin mədəni-ictimai xadimləri, alimlər və media mənsubları iştirak edib.
AMEA prezidenti İsa Həbibbəyli Ömər Eldarovu “sonuncu moqikan” adlandıraraq yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib.
"Fürsətdən istifadə edib Cənab Prezident İlham Əliyevə bu cür ictimai xadimlərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm", - o deyib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar Ömər Eldarovun AYB-yə fəxr üzv seçildiyini elan edərək üzvlük vəsiqəsini ona təqdim edib.
Daha sonra konfrans iştirakçıları görkəmli heykəltəraş və onun yaradıcılığı ilə bağlı geniş məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Ömər Eldarov 1927-ci ilin 21 dekabrında Dərbənddə anadan olub. 1958–1968-ci illərdə Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib.
Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb.
1995-ci ildə müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib.
O, Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.