Teatrdan APA-ya verilən xəbərə görə, tamaşa yeni quruluşda və yenilənmiş dekorasiyalarla tamaşaçılara təqdim olunacaq.
Tamaşada Toska partiyasını Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Oksana Kramareva ifa edəcək.
Onun sevgilisi Kavaradossi partiyasında İtaliyanın La-Skala Akademiyasının solisti, Azərbaycanın Əməkdar artisti Azər Rzazadə, baron Skarpia rolunda isə Belarus Akademiyasının Opera və Balet Teatrının solisti, Belarusun Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov çıxış edəcəklər.
Tamaşada həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Həbsxana nəzarətçisi) və Əkrəm Poladov (Rizniçiy), Əməkdar artistlər Əliəhməd İbrahimov (Spoletta), Tural Ağasıyev (Şarrone) və Sankt-Peterburqun Marinski Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Məhərrəm Hüseynov (Anjelotti) iştirak edəcəklər.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti, professor Aleksandr Petrov, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun rənkkarlıq fakültəsi teatr səhnə sənəti emalatxanasının rəhbəri Dmitri Çerbadji, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar artisti, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.