Bank Of Baku

Polşa-Azərbaycan memarlıq irsi ilə bağlı təqdimat keçirilib - FOTO

Polşa-Azərbaycan memarlıq irsi ilə bağlı təqdimat

© APA | Polşa-Azərbaycan memarlıq irsi ilə bağlı təqdimat

# 17 fevral 2022 12:12 (UTC +04:00)

Polşa Respublikasının Bakıdakı Səfirliyi və Azərbaycan Turizm Bürosu Polşa memarlıq irsinin təbliğinə həsr olunmuş Polşa-Azərbaycan təşəbbüslərinin təqdimatı mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimatı giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin mahiyyətindən və Polşa-Azərbaycan dostluğundan bəhs edib.

"Bu, demokratik əlaqələrin möhkəmliyini göstərən ən bariz nümunə 2013-cü ildə ümummilli lider Heydər Əliyevin açılışında iştirak etdiyi və Polşanın mərkəzində yerləşən Azərbayan-Polşa qardaşlığını göstərən sülh heykəlidir", - Sevda Məmmədəliyeva deyib.

Hər iki ölkənin əlaqələrinin bütün istiqamətlərdə olduğunu vurğulayan nazir müavini sözügedən təşəbbüsün turistlər üçün faydalı olacağını vurğulayıb: "Düşünürəm ki, bu layihə Polşadan Azərbaycana gələn turistlərin diqqətini çəkəcək və hər iki ölkənin mədəni bağlarını ən yaxşı şəkildə nümayiş etdirəcək".

Polşa səfiri Rafal Poborski 2019-cu ildə hər iki ölkənin təşəbbüsü ilə yaradılan Polşa arxitektorları küçəsinin əhəmiyyətini vurğulayaraq gündəlikdə duran layihəyə diqqət çəkib: "Biz bu gün mühüm bir layihəni təqdim edəcəyik. Bu layihə Azərbaycanda fəaliyyət göstərmiş Polşa arxitektorlarının irsini ən yaxşı şəkildə nümayiş etdirəcək və bu nümayiş iki ölkə arasındakı mədəni əlaqənin növbəti mərhələsinin təməlini qoyacaq".

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid isə Polşa arxitektorlarının fəaliyyətinin zaman-zaman təkcə Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər bölgələrində də olduğunu xüsusi qeyd edib: "Sirr deyil ki, 19-20-ci əsrlərdə Bakıda memarlıq abidələrin inkişafında polşalı arxitektorların mühüm fəaliyyəti olmuşdu. O abidələrdən Elmlər Akademiyası, Səadət Sarayı, Əlyazmalar İnstitutunun adını çəkə bilərik".

Memarlar İttifaqının sədri Elbay Qasımzadə isə sözügedən polşalı memarlarının həm də azərbaycanlı olduqlarını deyib: "O dahi memarlar milliyyətcə polşalı olublar, düzdür, amma, eyni zamanda, onlar Azərbaycanda memarlıq irsini təşkil edən əsərlər yaradıb deyə, həm də azərbaycanlı sayılmalıdırlar".

Çıxışlar bitdikdən sonra Polşa memarlarının Azərbaycanda müəllifi olduqları abidələrin videosu nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR