Sultan Raev: Festivalın məqsədi türk dünyası teatrşünaslarını bir araya gətirmək olub

Sultan Raev: Festivalın məqsədi türk dünyası teatrşünaslarını bir araya gətirmək olub
# 01 noyabr 2023 17:55 (UTC +04:00)

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan teatrlarının iştirakı ilə keçirilən TÜRKSOY Beynəlxalq Teatr Festivalına həsr edilmiş mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, mətbuat konfransında TÜRKSOY-un Baş katibi Sultan Raev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.

TÜRKSOY-un Baş katibi Sultan Raev çıxışı zamanı festivalın əhəmiyyətindən danışıb.

O deyib ki, festivalın keçirilməsində məqsəd türk dünyası teatrşünaslarını bir araya gətirmək olub və festivala türk ölkələrinin tanınmış teatrşünasları qatılıblar.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov bildirib ki, bu, TÜRKSOY tərəfindən keçirilən ilk festivaldır.

"Bu festival bir ilk olaraq fəaliyyətə başlayır. Festivalda türk dövlətlərinin teatrındakı problemlərin müzakirə ediləcəyi gözlənilir. Teatrın münsifləri kifayət qədər professional şəxslərdir və hesab edirəm ki, bütün proseslər teatr mədəniyyətinin xeyrinə olacaq. Hesab edirəm ki, bu əsl sənət bayramı olacaq", - teatrşünas deyib.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxışı zamanı bildirib ki, bu festivala daxil olan 6 ölkədən təqdim edilmiş teatr tamaşaları öz ölkələrinin ən yaxşı tamaşası olaraq seçilib: "Buna görə hesab edirəm ki, bizi maraqlı bir festival gözləyir".

Diqqətə çatdırılıb ki, teatr festivalının Bakıda keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu il Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyidir.

Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olub.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən sonra bir çox silsilə tədbirlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır.

Nazir qarşıdakı illərdə də davamlı olaraq Türk dünyasında bu festivalın təşkil ediləcəyinə inamını ifadə edib.

Qeyd edilib ki, festival noyabrın 4-dək davam edəcək. Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edir.

Diqqətə çatdırılıb ki, festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib.

Sonra İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olunub. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqi əsərlərindən istifadə olunub.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR