Bu gün Milli İncəsənət Muzeyində “Şuşa kataloqu”nun təqdimatı olub.
APA xəbər verir ki, tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı” adlı nəşrin əhəmiyyətindən bəhs edib.
O vurğulayıb ki, "Şuşa ili" çərçivəsində hazırlanan kataloq arxiv sənədi qismində müstəsnadır: “Bu gün təqdimatını keçirdiyimiz Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən təfsilatlı bəhs olunan “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması “Şuşa ili”nə verilən töhfədir. İki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda, tarix-mədəniyyət abidələrinin hazırkı vəziyyətini əks etdirən dron görüntüləri və xəritə üzərində yerləşdiyi məkanlar qeyd olunub. Kataloqda Şuşa şəhərində işğalın nəticələrinin tam əks etdirilməsinə çalışmışıq”.
Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov işğaldan azad olunan ərazilərdə görülən bərpa-quruculuq işləri haqqında danışıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov kataloqda əks olunan faktların əhəmiyyətinə toxunub.
Qeyd edək ki, kataloq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə hazırlanıb.