Bakı. Esmira Əliyeva – APA. Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə kinematoqrafçılarının xalq yazıçısı Elçin Əfəndiyevin ssenarisi əsasında birgə çəkdikləri "Mahmud və Məryəm" filminin nümayişi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə, "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün nümayiş etdirilib.
Qeyd edək ki, aksiyanın sentyabradək keçirilməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.