Bank Of Baku

Aygün Səmədzadə: “Mahnılarımın icazəsiz oxunulmasını sevmirəm” - MÜSAHİBƏ

Aygün Səmədzadə: “Mahnılarımın icazəsiz oxunulmasını sevmirəm” - <span style="color: red;">MÜSAHİBƏ
# 22 yanvar 2013 10:33 (UTC +04:00)

“Tələbələrimə deyirəm ki, beyninizdə, ürəyinizdə ziya yoxdursa, sizin sənətiniz heç kəsə lazım deyil”

 

“Savad və potensialım imkan verir ki, xoşuma gəlməyən mahnıları tənqid edim”

 

Bakı. Xanım Nağıyeva - APA. Bəstəkar Aygün Səmədzadənin APA-ya müsahibəsi

 

- Aygün xanım, yaradıcılığınızda nə yenilikləriniz var?

 

- 60 mahnıdan ibarət albomum çıxmalıdır. Bu albom yaradıcılığımda əhəmiyyətli hesab etdiyim mahnılardan ibarət olacaq. Albomu gələn ay çıxarmağı planlaşdırırıq. Bundan başqa Sevinc Çılğın, Qənirə Paşayeva, Elmar Şahmar və başqalarının sözlərinə yazılmış yeni mahnılarım var.

 

- Azərbaycanda yeni çəkilən serial və filmlərindən müraciətlər olur?

 

- Müraciətlər olur, amma işin maliyyə tərəfi məni və mənim yaradıcı qrupumu qane etmədiyi üçün çox zaman imtina edirəm. Bu gün efirlərdə gedən bir neçə serialın musiqisini yazmağı mənə təklif ediblər. Mən imtina etdiyimə görə onlar başqa bəstəkarlara müraciət ediblər. Düzdür, sənət maddiyyatdan irəlidə olmalıdır. Lakin kino sənəti belə deyil. Sənin yazdığın musiqi tarixə düşür. Bir də hər bir insan öz əməyinə görə mükafatlandırılmalıdır. Bugünkü şəraitdə heç kəsi pulsuz çalışdırmaq mümkün deyil.

 

- “Mahmud və Məryəm” filminin musiqisi sizə aiddir?

 

- Mənim üçün bu filmlə bağlı bir çox məsələlər sual altındadır. Ona görə də bu gün filmin musiqisi haqqında açıqlama verə bilmərəm.

 

- İndiki dinləyicilərin səviyyəsindən razısız?

 

- Dinləyicilərin səviyyəsi həmişə müxtəlif olub. Deyə bilmərik ki, 10, 20 il bundan qabaq bütün dinləyicilərin səviyyəsi bundan daha yüksək idi. Amma yenə də əvvəllər əksər insanların evində hər hansı musiqi aləti, kitabxana olurdu. İndiki evlərdə biz bunu görmürük. İnsanlar musiqi savadı almaqdan qaçırlar. Bir də onunla razılaşmaq lazımdır ki, Azərbaycanın musiqi mədəniyyəti təkcə bu gün efirdə səslənən mahnılardan ibarət deyil. Azərbaycan indi də çox gözəl sənətkarlar yetişdirir. Bu gün onlar efirdə deyilsə, o demək deyil ki, musiqimiz bərbad gündədir. Azərbaycanın Bakı Musiqi Akademiyası kimi qocaman musiqi ocağı var. Neçə-neçə yüksək səviyyəli  incəsənət və  musiqi məktəbləri var və bunların hamısı gözəl musiqiçilər yetişdirmək imkanına malikdir.

 

- Müasir bəstəkarlardan kimləri bəyənirsiz?

 

- Xoşuma gələn mahnı olanda bəyənirəm, olmayanda isə susuram. Savad və potensialım imkan verir ki, bəyənmədiyim mahnıları tənqid edim. Ancaq başımı qalmaqallara qatmaq istəmirəm. Həm də bu sahədə çalışdığıma görə mənim tənqidimi obyektiv qəbul etməzlər. Vaxt keçdikcə hər şey öz yerini alır. 10 il bundan qabaq yazılan mahnı bu gün unudulmayıbsa, deməli, insanlar dinləməyi bacarır. İndiki bir çox mahnılar sabun köpüyü kimidir. Həmin mahnılar maddiyyata bağlıdır. Yəni efirlərə pul verilsə, oxunacaq, verilməsə yox. Mən hansısa yeni bəstəkarın adını çəkib sonradan peşman olmaq istəmirəm.

 

- 1990-cı ildən Bakı Musiqi Akademiyasında dərs deyirsiniz. O vaxtın tələbələri ilə indikilərin musiqi zövqündə hansı dəyişikliklər baş verib?

 

- Mən o vaxt dərs deməyə başlayanda çox gənc idim. Dövrün tələbləri ilə bağlı olaraq müəllim anlayışı bugünkündən daha məsuliyyətli idi. O vaxtkı tələbələrin çoxu yaşda məndən böyük idi. İndiki tələbələrin intellektual səviyyəsindən tam razı deyiləm. Onların əksəriyyəti mütaliə etmirlər. Bizim sahə elədir ki, insanların istedadına qiymət verilir. Mən tələbələrimə deyirəm ki, siz bu sahənin gözəl sənətkarları ola bilərsiniz. Əgər beyninizdə, ürəyinizdə ziya yoxdursa, sizin sənətiniz heç kəsə lazım deyil. İmtahanlar test üsulu ilə keçiriləndən sonra bizə gələn tələbələrin də səviyyəsi çox zəifləyib. Məncə, bu sahədə olan bir çox problemləri aradan qaldırmaq üçün təkcə ixtisas məktəblərində deyil, orta məktəblərdə də  musiqi təhsilinin səviyyəsini qaldırmaq lazımdır.

 

- İfaçı bəstəkarın mahnısını oxuyur və həmin mahnını başqa ifaçı oxuyan zaman buna qarşı çıxır. Mahnı əslində kimə məxsus olmalıdır?

 

- Mahnı bəstəkarındır. Daha doğrusu, bəstəkar və şairin birgə məhsuludur. Bizim ölkədə heç bir ifaçı mahnının hüquqlarını tam olaraq almaq iqtidarında deyil. İfaçı gərək nə qədər pul ödəsin ki, mahnının tam hüquqlarını ala bilsin. (Müğənnilər gedib xarici ölkələrdən böyük məbləğə mahnı alır. Bizim bəstəkarlara çatanda isə imkanları olmur) Yaxşı mahnı hər zaman səslənməlidir. Mənim elə mahnılarım var ki, başqa müğənnilər dəfələrlə oxumaq istəyiblər. Lakin müğənni ilə münasibətim gözəl olduğuna görə və ya mahnını yalnız o müğənninin ifasına yaraşdırdığıma görə verməmişəm. Bu yaxınlarda bir mahnımı Ayaz Qasımov və İsrail müğənnisi Hava Dolevin ifasında yenidən oxutdurdum. Vaxtilə həmin mahnını müğənni Qismət Məmmədzadə oxumuşdu. Və yaxud vaxtilə Nazpəri Dostəliyevanın ifasında səslənən “Yarpaqlar titrəsə” mahnısını artıq bir neçə ildir ki, gənc və istedadlı müğənni Vüsal Hacıyevə həvalə etmişəm. Nüşabə Ələsgərlinin oxuduğu “Azərbaycan” mahnısını bir neçə müğənninin birgə ifasında səsləndirmişəm. “Məktəb illəri” mahnısı da müxtəlif müğənnilərin ifasında səslənib.

 

- Bu günə kimi Azərbaycanlı müğənnilərdən sizin icazəniz olmadan mahnınızı ifa edən olub?

 

- Bu yaxınlarda mənə zəng vurdular ki, “Bakı haqqında nağıl”ı Cavanşir Məmmədov efirdə oxuyur. Mən mahnını icazəsiz oxuduğuna görə təəccübləndim və ifanı da bəyənmədim. Bu mahnını Eyyub Yaqubov çox gözəl oxuyub. Mahnını ya mənim kimi, ya Eyyub Yaqubov, ya da ondan yaxşı oxumaq lazımdır. Efirə zəng vurub nəsə deməyi lazım bilmədim. Həmin müğənniyə iradımı mədəni şəkildə bildirmişəm. Mahnılarımın icazəsiz oxunmasını sevmirəm. Ümid edirəm ki, belə hallar təkrarlanmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR