Bakı. Ülkər Qasımova – APA. Yanvarın 24-dən 27-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT 2013" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri A.İsmiyev, Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi A.Əliməmmədova, həmin sektorun məsləhətçisi C.Kəlbəliyev və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 üzvü daxildir. Sərgidə bir sıra mehmanxanalar təmsil olunacaqlar. Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 70 kv.m sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylamaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanıb.
2003-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on birinci dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə Azərbaycanla yanaşı, 62 ölkədən 4500-ə yaxın şirkət təmsil olunub.