Bakı. Ülkər Qasımova – APA. Türkiyənin paytaxtı Ankarada azərbaycanlı rəssam Nəvai Mətin Məmmədoğlunun "Rənglərim rəngimdir" adlı fərdi sərgisi açılacaq. APA-nın məlumatına görə, sərgi məşhur türk rəssamı Savaş Simitlinin dəvəti ilə reallaşır. Ekspozisiyada rəssamın Türkiyədə Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təşkil etdiyi festival çərçivəsində çəkilmiş əsərləri nümayiş olunacaq. Sərginin açılışı yanvarın 26-sı üçün planlaşdırılır. Ötən il azərbaycanlı fırça ustaları Nəvai Mətin Məmmədoğlu və İlqar Əkbərov Türkiyənin İzmir şəhərində "Şərqdən Qərbə, Qərbdən Şərqə" mövzusunda keçirilmiş sərgidə də Azərbaycanı təmsil edib və Beynəlxalq Sənətçilər Birliyinə üzv seçiliblər.