Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Baş Təhsil İdarəsi ilə birgə fevralın 11-dən 15-dək “Cizgi filmləri həftəsi”ni keçirəcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, həftə ərzində Bakının 8 orta məktəbində ibtidai sinif şagirdlərinə son illər ərzində istehsal edilmiş Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək.
Fevralın 15-də isə “Nizami” Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - "Cizgi filmləri bayramı" təşkil olunacaq. Bayramda uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq özfəaliyyət kollektivləri çıxış edəcək, yeni filmlər göstəriləcək.