Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Yaponiya Mədəniyyət Fondunun xətti ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Müqayisəli Yaponiya - müasir yapon memarlığı: 1996-2006" adlı sərgi açılacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ekspozisiyaya Yaponiya Mədəniyyət Fondunun mütəxəssisləri tərəfindən üzərində elmi araşdırmalar aparılmış 17 çini və keramika nümunəsi daxil edilib. Sərgidə XVIII əsr Edo dövrünə aid bulud, bərbər boşqabı, XIX əsrin sonu - XX əsrin əvvəli, Meyci-Tayşo dövrünün çay dəsti, güldan, vaz, dairəvi boşqab, XIX əsrə aid dekorativ bulud, güldan nümayiş olunacaq.
Bundan əlavə, sərginin ziyarətçiləri yapon memarları tərəfindən 10 il ərzində (1996-2006) müxtəlif ölkələrdə ucaldılmış binaların təsvirləri ilə tanış ola, tematik bölmələr vasitəsi ilə memarlıq nümunələrini müqayisə edə biləcəklər. Sərginin açılışı yanvarın 24-də baş tutacaq.
Qeyd edək ki, Yaponiya Mədəniyyət Fondu 1972-ci ildə təsis edilib. Fond yapon mədəniyyətinin və incəsənətinin dünyada təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir.