Bakı. Xanım Nağıyeva - APA Bu gün “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, “Azanfilm” Cizgi Filmləri Studiyası və Bakı Baş Təhsil İdarəsinin təşkilatçılığı ilə uşaq müəssisələrində 11-15 fevral tarixlərində keçirilən “Cizgi Filmləri Həftəsi”nin yekun mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasim “Azərbaycan Dövlət Kukla Teatrı” aktyorlarının və uşaq rəqs qruplarının çıxışı ilə başlanıb.
Əyləncəli proqramda gənc gimnastların çıxışı, nağaraçılar qrupu, vokal qrupunun ifası, sehrbaz Elmar İbrahimovun illuziya proqramı və “Şənlik” rəqs qrupunun çıxışı uşaqların marağına səbəb olub. Proqramdan sonra uşaqlar “Səmada şəkil”, “Siçan və pişik”, “İt sərgisi” və “Balaca ev” cizgi filmlərini seyr ediblər.
Qeyd edək ki, “Cizgi Filmləri Həftəsi” çərçivəsində 8 uşaq müəssisəsində, ümumilikdə 250 uşağın iştirakı ilə Azərbaycan cizgi filmləri nümayiş olunub.