Bakı. Ülkər Rəşdiqızı – APA. Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayı dekabrın 14-dən 18-dək keçiriləcək. Bəstəkarlar İttifaqından APA-ya verilən məlumata görə, artıq qurultayın gündəliyi də hazırlanıb. Dekabrın 14-də qurultayın rəsmi açılış mərasimi keçiriləcək. Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq açılışda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə konsert olacaq. Dekabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Kamera konserti, R. Behbudov adına Dövlət Mahnı Teatrında mahnı konserti, dekabrın 16-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F. Əmirovun “Sevil” operası nümayiş olunacaq. Dekabrın 17-də isə rusiyalı bəstəkar A.Radviloviçlə görüşün keçirilməsi nəzərdə tutulur. Dekabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında dəyirmi masa və müzakirənin, IX Qurultayın yekun konserti baş tutacaq. Onu da bildirək ki, Qurultay çərçivəsində eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçkiləri də keçiriləcək. Seçkilərin dekabrın 21-i və 22-nə təsadüf edəcəyi gözlənilir. Xalq artisti Firəngiz Əlizadənin yenidən ittifaqın sədri seçiləcəyi ehtimal olunur. Qurultayla bağlı ətraflı məlumat dekabrın 14-də keçiriləcək mətbuat konfransında aydınlıq gətiriləcək.