Bakı. Ülkər Rəşidqızı-APA. Başa çatmaqda olan 2012-ci il ərzində bütün dünyada bir çox tanınmış insanlar cərrahiyyə əməliyyatı olunublar. APA-nın məlumatına görə, bu il tanınmış insanlarda daha çox ürəklə bağlı ciddi problemlər meydana çıxıb. Bu hal Azərbaycanın mədəniyyət və incəsənət, eləcə də ədəbiyyat sahəsindən də yan ötməyib. İl ərzində Azərbaycanın bir neçə tanınmış mədəniyyət və ədəbiyyat xadimi ürəyindən cərrahiyyə əməliyyatı olunub.
Onların sırasında xalq artistləri İlhamə Quliyeva, Afaq Bəşirqızı, Ramiz Məlik, Mübariz Tağıyev, yazar Qəşəm Nəcəfzadənin adını qeyd etmək olar. Adları qeyd olunan tanınmış mədəniyyət xadimlərinin hər birinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb.
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Azər Mirzəyevin də eyni səbəbdən əməliyyata ehtiyacı olduğu üzə çıxıb. Bir müddət xəstəxana şəraitində müalicə olunan Azər Mirzəyevin ürəyində daha sonra əməliyyatın aparmamaq barədə qərar qəbul olunub. Hazırda aktyor müalicəsini ev şəraitində davam etdirir. Xalq artisti Arif Quliyev də bu il təzyiq problemi ilə əlaqədar xəstəxanaya düşüb. Aktyor bir neçə gün xəstəxanada həkim nəzarətində saxlanılıb və hazırda müalicəsi davam etdirilir. Görkəmli aktyor Siyavuş Aslanın da səhhətindəki problemlər hələ də davam edir. İl ərzində bir neçə dəfə xəstəxanaya yerləşdirilən aktyor, müalicə olunduqdan sonra evə buraxılıb.