Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni - 2013-cü ilin ilk beynəlxalq festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında teatrın yaradıcı heyəti P. Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 27-dən aprelin 4-nə kimi davam edəcək festivala qatılacaq.
Festival çərçivəsində keçiriləcək beynəlxalq konfransda Mübariz Həmidovun “Azərbaycan Teatrı-140” mövzusunda çıxışı nəzərdə tutulur. Tamaşada əməkdar artist Şövqi Hüseynov da çıxış edəcək.
“Kontrabas” tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülüb.