Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2013-cü ildə hazırlanacaq yeni tamaşaları açıqlayıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrda yeni ilin ilk günlərində Panço Pançevin “Dörd əkiz qardaşlar haqqında nağıl” pyesi əsasında eyniadlı tamaşasının məşqlərinə start veriləcək. Yeni ilin ilk günlərində məşqlərinə başlanılacaq daha bir tamaşa İsveç şairi, dramaturq, ssenarist və teatr rejissoru Lars Nurenin “Müharibə” pyesi əsasında hazırlanacaq. Tamaşanı teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnələşdirəcək.
Bu il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 85 ili tamam olur. Bununla bağlı təntənəli yubiley mərasimi keçiriləcək. Bundan başqa teatrda Azərbaycan və Beynəlxalq Teatr günləri ərəfəsində yeni yaradılan “Çardaq” səhnəsində yeni mono və eksperimental tamaşaların nümayişi də həyata keçiriləcək. Mövsüm ərzində teatr iki beynəlxalq layihəni reallaşdıraraq, bir neçə xarici ölkəyə qastrol səfəri də planlaşdırılır. Teatrda Aleksey Tolstoyun “Qızıl açar” (“Buratinonun sərgüzəştləri”) tamaşası hazırlanacaq ki, həmin səhnə əsərinin quruluşçu rejissoru İvisa Simiçdir.
Teatrın repertuarında olan “Qaraca qız” tamaşası isə yeni heyətlə, quruluş və tərtibat baxımından fərqli şəkildə yenidən hazırlanaraq tamaşaçıların ixtiyarına veriləcək. Teatrda həmçinin treninq və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.