Martın 12-də Tatarıstanın Buinsk şəhərində Volqaboyu və Ural xalqları teatrlarının “İdel - Bua - Ural - dialoq məkanı” adlı Birinci Ümumrusiya teatr festivalının açılışı olacaq. APA-nın məlumatına görə, festivalda Qazağıstan, Tatarıstan, Başqırdıstan, Udmurtiya, Mari-El, Ulyanovck vilayəti, Komi və Kalmıkiya Respublikalarının teatrları çıxış edəcək.
Kalmıkiya Milli Dram Teatrı festivala əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “Gözlə məni” (“Дождись меня”) dramının tamaşası ilə qatılacaq. Ötən ilin dekabrında premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Ə.Əmirlinin Kalmık mühacir ədəbiyyatının nümayəndəsi Sanci Balıkovun "Zalamca" povestinin motivləri əsasında yazıb janrını "tale dramı" kimi müəyyənləşdirdiyi pyes atçılıq zavodunun sahibi Şavel Aduçevin ərköyün qızı Zalamca ilə kasıb stanitsa müəllimi Danzan arasındakı məhəbbət və ayrılıq haqqında dastandır.
Qeyd edək ki, bu, Kalmık teatrının Ə.Əmirli yaradıcılığına üçüncü müraciətidir. "Gözlə məni" tamaşasından əvvəl teatr dramaturqun “Sevən qadın” və Vera Şuqrayeva ilə birgə yazdığı “Qohumlar” komediyalarını tamaşaya qoyub.