Bakı. Cavid Zeynallı - APA. “İndi özümü yaxşı hiss edirəm, hamısı qocalıqdandır. Həkimlər iynə-dərman yazıblar, yavaş-yavaş qəbul edirəm, inşallah, yaxşı olar”.
Bunu APA-ya xalq artisti, muğam ustası Əlibaba Məmmədov deyib. Onun sözlərinə görə, səhhətində ciddi problem yoxdur: “Üç-dörd gün xəstəxanada yatdım, sonra həkimlər məsləhət gördü ki, xəstəxana vacib deyil, evdə də dava-dərman qəbul edə bilərəm. Ayaqlarımda şiş var idi, indi çəkilib, yaxşılaşır. Mədə-bağırsaq sistemimdə də problem yaranmışdı, ona görə də dərman qəbul edirəm. Narahat olmasınlar. Oğlum, gəlinim mənə qulluq edir. 87 yaşım var, Allah bundan sonra nə qədər ömür yazıbsa, onu da yaşayacağam”.
Qeyd edək ki, Ə. Məmmədov 1929-cu ildə Bakının Maştağa kəndində anadan olub. 1945 ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”-nin solisti olub. 1968 ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı ansamblını yaradıb və bu günə kimi həmin ansambla rəhəbrlik edir. Xanəndənin ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam–dəsgahlarının səsyazıları AzTV-nin fondunda saxlanılır. Ə.Məmmədov 100-dən artıq mahnı və təsnifin müəllifidir.