Bakı. Xanım Nağıyeva - APA Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına konsert salonunda Azərbaycanın xalq artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılığına həsr olunan müəllif konserti keçirilib.
APA-nın məlumatına görə, F. Sücəddinov qonaqları salamlayaraq, bu günün çox məsuliyyətli olduğunu vurğulayıb: “Bu gün burda ifa etmək mənim üçün çox məsuliyyətlidir. Çünki bu zalda Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyev kimi bəstəkarlar ifa edib”.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bildirib ki, bəstəkarın musiqisi hər zaman ürəkləri fəth edib: “Ona uğurlar və yeni mahnılar arzulayıram”.
Şair Baba Vəziroğlu son vaxtlar müəllif konsertlərinin az-az təşkil olunduğunu söyləyərək, belə konsertlərin əhəmiyyətindən söz açıb. O, F. Sücəddinovla 40 illik işbirliyi olduğunu deyib, bununla fəxr etdiyini bildirib.
Konsertdə bəstəkar “Vətən” balladası, “Portret”, Vals, “Payız çağı” ,“Xəzərin ləpələri”, “İthaf” və s. musiqilərini ifa edib.
O, həmçinin gənc müğənni Ülviyyə Tağıyeva və xalq artisti Samir Cəfərovla birgə çıxış edib.