AMEA-nın Fəlsəfə İnstitutunda “Kreativ tolerantlıq və konvergensiya” adlı layihə müzakirə oluub. APA-nın məlumatına görə, institutda keçirilən seminarda fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Kreativ tolerantlıq və konvergensiya” Elmi Disskussiya Klubunun yaradılması təklifi ilə çıxış edib.
Alim bildirib ki, çağdaş dövrümüzdə kreativ tolerantlıqla konvergensiyanın inteqrasiyasını özündə birləşdirən təşkilata ehtiyac var: “Alimlərin, elmə marağı olan insanların bir araya gələrək öz potensiallarını birləşdirməsi, fikir mübadiləsi aparması, o cümlədən elmlərarası əlaqələrin nəzəriyyəsi və metodologiyasının öyrənilməsi baxımından bu klubun yaradılması əhəmiyyətlidir”.
Məruzəçinin sözlərinə görə, klubun mövcud analoji strukturlardan fərqi onun müasir elmin bütün sahələrində baş verən yenilikləri könüllülük əsasında açıq müzakirə etmək imkanına malik olmasıdır.
Elmin fəlsəfəsinin müasir inteqrativ elmi nəzəriyyələr çərçivəsində hazırlanan metodoloji vasitələrdən istifadə ilə sıx bağlı olduğunu vurğulayan F.Qurbanov qeyd edib ki, fəlsəfi təhlillər elmi-tədqiqat işləri ilə birbaşa əlaqədə olmalıdır. Bu layihə çərçivəsində alimlər riyaziyyat, fizika, kimya, biologiya, tibb, qeyri-səlis məntiq, müxtəlif yeni sintetik elmi istiqamətlərdə olan yenilikləri, kəşfləri, ixtiraları müzakirə edə bilərlər.