APA-nın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsert proqramında Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış olublar. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fotoqraflarının çəkdiyi şəkillərin də yer aldığı sərgidə birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə yanaşı, Oyunlar zamanı müxtəlif idman yarışlarında lentə alınan ən maraqlı məqamlar ziyarətçilərin diqqətinə çatdırılıb. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edilib.
Kannın Festivallar sarayında keçirilən “Azərbaycan musiqi gecəsi”nin aparıcısı ölkəmiz, onun qədim və zəngin mədəniyyəti, incəsənəti və musiqisi barədə ətraflı məlumat verib. Kann şəhər merinin müavini, Kann Festival sarayının prezidenti xanım Ann Reks tədbirin əhəmiyyətini vurğulayıb. “Azərbaycanı qəbul etmək Kann şəhəri üçün böyük şərəfdir”,-deyən şəhər merinin müavini Azərbaycan mədəniyyətinin və incəsənətinin artıq üçüncü dəfədir ki, Kannda çox yüksək səviyyədə təqdim olunduğunu qeyd edib. Ann Reks bildirib ki, ölkəmiz Kannda çox yüksək səviyyəli mədəni tədbirlər təşkil edir. Bu da Kann şəhərinin sakinləri və buraya gələn qonaqlar tərəfindən yüksək maraqla qarşılanır.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfərini xatırladıb, Azərbaycanın mühüm geostrateji məkanda yerləşməklə çox tolerant ölkə olduğunu deyib. Jan-Fransua Mansel Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini söyləyib. Heydər Əliyev Fondunun Fransada silsilə tədbirlər təşkil etdiyini vurğulayan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti bu il Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirib.
Sonra konsert proqramı başlayıb.
Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunub.