Bakı. Xanım Nağıyeva – APA. Bu gün Muzey Mərkəzində II Respublika Dekorativ-tətbiqi sənət Festivalının yekun sərgisinin açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, sərgidə müxtəlif sahələr üzrə ən yaxşı işlərə görə 20 nəfərə diplom təqdim olunub. Ən qocaman diplom mükafatçısı 82 yaşlı Zərifə Seyidəliyevadır.
Sərgidə xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma) və s. növlərdə dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunub.
Qeyd edək ki, respublikanın bütün şəhər və rayonlarını əhatə edən festivalın yekun sərgisi bağlandıqdan sonra nümayiş etdirilən əsərlərdən ibarət kataloq çap olunacaq.