İlhamə Quliyevanın Nazpəri Dostəliyevadan “Bandotdel”ə niyə şikayət etdiyi məlum olub

İlhamə Quliyevanın Nazpəri Dostəliyevadan “Bandotdel”ə niyə şikayət etdiyi məlum olub
# 01 mart 2013 14:26 (UTC +04:00)

APA-nın məlumatına görə, müğənni bununla bağlı açıqlama yayıb.

Müğənni açıqlamasında həmkarı, xalq artisti İlhamə Quliyeva ilə aralarında yaranan çəkişmədən bəhs edib: “Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət olduğunu öyrəndim və mənə bildirdilər ki, ora İlhamə Quliyevanın şikayəti əsasında çağırılıram. Həmin idarənin bu tip işlərlə məşğul olmadığını, mənim isə heç bir qanuna zidd əməl törətmədiyimi bilsəm də, qanunlarımıza hörmət əlaməti olaraq ora getdim. İdarədə İlhamə Quliyevanın şikayət ərizəsi ilə tanış olduqdan sonra həmin ərizədə göstərilən faktların həqiqətə uyğun olmadığını, eləcə də onların mənə heç bir aidiyyatının olmadığını bildirdim. Çünki mən nə heç bir kütləvi informasiya vasitələrində, nə də hər hansısa başqa yerdə İlhamə Quliyevanın adını çəkməmişəm, onun barəsində hər hansı bir fikir söyləməmişəm. İdarəyə gələndən sonra İlhamə Quliyeva 106 FM radiosunun efirində məni təhqir etməyə və öz dostu, Mirqafar Seyidovun adı ilə təhdid etməyə başladı. O hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur. Müğənniləri onun adı ilə qorxudurdu. Həmçinin, deyir ki, “Space” televiziya şirkətin prezidenti Vaqif Mustafayev də onun yaxın dostudur və onun icazəsi olmadan Vaqif Mustafayev müğənniləri efirə buraxmır”.

N. Dostəliyeva açıqlamasında həmçinin İ. Quliyevanın haqqında ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət etdiyini qeyd edib: “Mən isə özümə və digər xalq artistlərinə, mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığı üçün bir vətəndaş və xalq artisti kimi prezident İlham Əliyevə, bir ana kimi millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, törədilmiş qanuna zidd əməllərin qarşısını almaq üçün isə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilyant Dadaşovanı, Səməd Səmədovu təhdid edir. Mənim indiyə kimi heç bir qalmaqalda, münaqişələrdə adım heç vaxt hallanmayıb. İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titulları paylayır. Mən başa düşmürəm, o mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi? İnanıram və əminəm ki, mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq, bir xalq artisti kimi həm bizlərə həm də ümumilikdə dövlətimizə və xalqımıza baş ucalığı gətirməyən bu cür halların qarşısı alınacaq. Bu andan bütün bu işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyevə həvalə etmişəm”.

N. Dostəliyeva mətbuata göndərdiyi açıqlamasında İ. Quliyevanın onunla bağlı konkret olaraq nədən şikayətçi olduğunu qeyd etməyib. Bunu nəzərə alaraq APA N. Dostəliyeva ilə əlaqə saxlayıb, İ. Quliyevanın şikayətinin nədən ibarət olduğunu öyrənib. Onun sözlərinə görə, İ. Quliyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsində parodiya olunduğunu bildirib: “İlhamə Quliyeva şikayət ərizəsində qeyd edib ki, guya mən onu televiziya kanallarının birində parodiya etmişəm. Birincisi qəti şəkildə bildirirəm ki, belə bir hal baş verməyib. İkincisi, əgər belə bir hal olubsa belə, məgər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu cür xırda işlərlə məşğul olur?”

Məsələyə aydınlıq gətirmək üçün xalq artisti İlhamə Quliyeva ilə əlaqə saxladıq. İ. Quliyeva APA-ya N. Dostəliyevanın açıqlamasına şərh vermək istəmədiyini və onunla məhkəmədə görüşəcəyini bildirib: “Mənim haqqımda yalan məlumatlar yaymasın. Onunla məhkəmədə görüşəcəyik”.

DİN-dən məsələyə hələlik münasibət bildirilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR