Bakı. Ülkər Qasımova – APA. Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı Bakıya qastrol səfərinə gələcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr kollektivinin səfəri Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyasının Kalmık Respublikasında fəaliyyət göstərən Milli Dram Teatrı rəhbərlikləri arasında imzalanmış qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə əsasən 1-3 mart tarixlərində reallaşacaq. Teatr uşaqlar üçün “Ağ ayın nağılı” (“Skazka beloqo mesəüa”), böyüklər üçün isə İtalyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” (“Traktirhiüa”) tamaşalarını nümayiş etdirəcəklər.
Müəllifi və rejissoru Rusiya Federasiyası və Kalmık Respublikasının əməkdar incəsənət xadimi Boris Manciyev olan “Ağ ayın nağılı” tamaşasının baletmeysteri Kalmık Respublikasının əməkdar mədəniyyət işçisi İrina Samsonova, bəstəkarı Kalmık Respublikasının əməkdar incəsənət xadimi Arkadi Manciyevdir.
Mart ayının 2-si və 3-də nümayiş etdiriləcək iki hissəli “Mehmanxana sahibəsi” komediyasının rejissoru Kalmık Respublikasının əməkdar incəsənət xadimi Sergey Burlaçenko, rəssamı Yelena Varova, plastika üzrə rejissoru Kalmık Respublikasının Əməkdar Mədəniyyət İşçisi İrina Samsonovadır.
Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iki tamaşa ilə Kalmık Respublikasına qastrol səfərinə yola düşəcək.