Aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibətilə “Əlimdən tut” adlı tədbir-tamaşa keçiriləcək.
APA-nın məlumatına görə, Kukla Teatrı ilə Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbirdə bu mövzuda il ərzində aktivlik nümayiş etdirən bir neçə tanınmış şəxsə “Autizm uşaqların dostu” mükafatı da təqdim olunacaq.
Tədbirdə autizm sindromu ilə bağlı Şərqdə ilk dəfə olaraq “Əlimdən tut” adlı sözsüz tamaşa təqdim olunacaq. Tamaşada Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktrisası Cəmilə Allahverdiyeva, teatrın nəzdində “Oyuq” teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar da iştirak edəcək. Müəyyən inkişaf məşğələləri keçən bu sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışacaqlar.
İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda uşaqlara həsr olunmuş mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) də təqdim olunacaq. Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tədbir-tamaşanın təşkilində məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılması və qazandırılmasıdır.